|
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bu ilin aprelin 22-də “Avropa” otelinin idman zalında öldürülən “Zaminbank”ın Nəsimi filialının müdiri Azər Məmmədovun qətlə yetirilməsində təqsirləndirilən Mövlud Səfərov və Sənan Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Teleqraf.az-ın Qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.
Prokuror təqsirləndirilən Sənan Quliyevin ömürlük, Mövlüd Sədərovun isə 5 ilini həbsxanada keçirməklə, 20 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Bundan sonra zərərçəkmişlərin nümayəndələri çıxış edib. Mərhum Azər Məmmədovun hüquqi varisi, anası Gülsabah Əhmədovanın nümayəndəsi Samir İsayev prosesdə iştirak etməyib. G.Əhmədova da vəkilsiz çıxış etməkdən imtina edib.
Bundan sonra digər zərərçəkmiş Ruslan Əfəndiyevin vəkili Nadir Qəmbərov çıxış edib. O təqsirləndirilən şəxslərin ittiham olunduğu maddələrə müvafiq olaraq cəzalandırılmasını istəyib.
Təqsirləndirilən Mövlud Səfərovun vəkili Cavid Rzazadə N.Qəmbərovun çıxışına etiraz edib. O bildirib ki, Nadir Qəmbərov Vəkillər Kollegiyasının üzvü deyil, buna görə də məhkəmədə nümayəndə kimi çıxış edə bilməz.
N.Qəmbərov da vəkil olmadığını etiraf edib. Hakimlər kollegiyası müşavirəyə çıxıb. Müşavirədən sonra kollegiyanın qərarı açıqlanıb. Vəkil Cavid Rzazadənin etirazı qəbul edilib və Nadir Qəmbərov Vəkillər Kollegiyasının üzvü olmadığı üçün məhkəmə prosesindən kənarlaşdırılıb.
Məhkəmə prosesi dekabrın 8-nə təxirə salınıb.
Xatırladaq ki, bu il aprelin 21-də otelin nəzdində yerləşən idman zalında münaqişə zəminində Bakı şəhər sakinləri, 1985-ci il təvəllüdlü Azər Aydın oğlu Məmmədov ürək nahiyəsindən 3 bıçaq xəsarəti və 1971-ci il təvəllüdlü Ruslan Zakir oğlu Əfəndiyev döş qəfəsinin ön səthinin sol tərəfindən kəsilmiş 2 bıçaq xəsarəti alıb. A. Məmmədov aldığı bıçaq xəsarətdən hadisə yerində ölüb, R. Əfəndiyev isə xəstəxanaya yerləşdirilib və həkimlərin səyi nəticəsində həyatını xilas etmək mümkün olub. Hadisəni törədən Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Təvəkkül oğlu Quliyev və onun dostu Mövlud Səfərov tutulub.
S.Quliyev və M.Səfərov Cinayət Məcəlləsinin 221.2.1, 221.2.2, 120.2.1, 120.2.2, 120.2.3, 29, 120.2.1, 29, 120.2.2, 29, 120.2.3 və 29,120.2.7-ci maddələri ilə ittiham ediliblər.