|
Dekabrın 1-də Bakı Apelyasiya Məhkəməsində nurçu təriqətini yaymaqda ittiham olunan 5 nəfərin şikayətinə baxılacaq.
Bu haqda "Azadlıq" radiosuna vəkil Əshabəli Mustafayev məlumat verib.
Oktyabrın 6-də Yasamal rayon Məhkəməsinin hökmü ilə İsmayıl və Zəkəriyyə Məmmədov qardaşları, Şahin Həsənov, Eldəniz Hacıyev və İman Səbzəliyev qanunsuz dini ədəbiyyatın yayılması və dini etiqad pərdəsi altında digər şəxslərin hüquqlarını pozmaqda ittiham olunub.
Müdafiə tərəfi onlara bəraət tələb edəcək. Əshabəli Mustafayev deyir ki, ittiham qondarmadır:
«MTN-nin qondarma işlərindən biridir. Onlar Gülən tərəfdarları olan nurçular deyil. Ancaq dini ibadətlə məşğul olublar, dini kitablar oxuyan klassik nurçulardır . Biz həmişə deyirdik ki, MTN işi saxtalaşdırıb. Burda ittihamlıq nə var ki? Evdə 15-20 nəfər yığışdıqlarına görə gəlib bunları tutublar. Hərəsinə də 5 il, 5 il yarım iş verilib. MTN özünün vəhhabilərlə, digər radikal qruplarla bağlılığını ört-basdır etmək və dini radikalizmlə mübarizə apardığını imitasiya etmək üçün bunları qurbanlıq seçib».
İttiham olunanlarla bağlı hökm oktyabrın 7-də oxunsa da, müdafiə tərəfi indiyə qədər hökmü ala bilməyib: «Qanunla 3 gün müddətində hökm bizə verilməliydi. Biz hökm elan olunandan 20 gün müddətinə şikayət verməliydik. Absurd odur ki, hökm almamışıq, ancaq iş təyin olunub».