|
Bu gün Bakı Dövlət Universitetində Yaponiyanın iqtisadi dirçəliş, sosial müdafiə və vergilərin ümumi islahatı üzrə naziri, iqtisadi və maliyyə siyasəti üzrə dövlət naziri Akira Amarinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.
Avropa.info xəbər verir ki, universitetin professor-müəllim heyəti və tələbələrin iştirakı ilə keçirilən tədbiri açan Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov ölkələrarası əlaqələrdən, o cümlədən Yaponiya universitetləri ilə əməkdaşlıqdan, Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun fəaliyyəti çərçivəsində keçirilən görüşlərdən bəhs edib. Prezident İlham Əliyevin Yaponiya ilə münasibətlərə xüsusi önəm verdiyini deyən Abel Məhərrəmov əlaqələrdə təhsil siyasətinin xüsusi yer tutduğunu vurğulayıb. Rektor 2000-ci ildən BDU-da yapon dili və ədəbiyyatının tədrisindən və məzunların mütəxəssis kimi yüksək hazırlığından danışıb.
Nazir Akira Amari, öz növbəsində, BDU-da olmasının önəmini qeyd edərək belə səfərlərin ölkələrarası təhsil-elm əlaqələrinin daha da inkişafına təkan verəcəyinə əminliyini ifadə edib. Akira Amari sədri olduğu parlamentlərarası qrupun fəaliyyətindən razılığını ifadə edib və əməkdaşlığın davamlı olacağına inandığını söyləyib. Tədbirdə BDU-nun şərqşünaslıq fakültəsinin yapon dili və ədəbiyyatı ixtisası üzrə təhsil alan tələbələrinin Azərbaycan və Bakı Dövlət Universiteti haqqında hazırladıqları prezentasiya maraqla qarşılanıb. Tələbələrin çoxsaylı suallarını cavablandıran nazir Akira Amari onlarla xatirə fotosu çəkdirib.