|
Azərbaycan Respublikasının Qırğız Respublikasında Səfirliyi Qırğızstanın diplomatik xidmət əməkdaşlarının bayramı günü Bişkekin “Jannat Regency” otelində baş tutan “Beynəlxalq Kulinariya və Suvenirlər Xeyriyyə Festivalı”nda iştirak edib.
Teleqraf.az-ın məlumatına görə, tədbirdə Qırğız Respublikası Prezidenti Aparatının təmsilçiləri, Hökumətin üzvləri, Qırğız Respublikasının Xarici İşlər naziri Erlan Abdıldayev, Jokorku Keneşin (Parlamentin) deputatları, bu ölkədə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri, ictimai-siyasi xadimlər, yaradıcı ziyalıların üzvləri və Qırğızstanın kütləvi informasiya vasitələrinin təmsilçiləri iştirak etmişdir.
Festivalda Azərbaycan ilə yanaşı Türkiyə, ABŞ, Qazaxstan, Hindistan, İtaliya Çin, Kuba, Pakistan, Özbəkistan, Ukrayna səfirlikləri və bir sıra şirkətlər iştirak ediblər.
Tədbirin əsas məqsədinin Qırğızstanın Milli Onkologiya Mərkəzinin uşaq bölməsində xərçəngdən əziyyət çəkən 45 uşağa maddi yardımın göstərilməsi olub.
Azərbaycan milli mətbəxinin əvəzolunmaz yeməkləri, şirniyyatları və eləcə də tariximizi, mədəniyyətimizi, adət-ənənələrimiz haqqında suvenirlər, kitablar, jurnallar, bukletlər tədbir iştirakçılarının böyük marağına səbəb olmuşdur.
Festivalın sonunda Azərbaycan Səfirliyinə aktiv iştirakına görə təşəkkür məktubu təqdim edilmişdir.