|
Göyçayda 16 mənzilli yaşayış binasında yanğın olub.
Hadisə oktyabrın 16-da gecə saat 22:00 radələrində Göyçay şəhərinin Xətai küçəsində yerləşən kommunal tipli iki mərtəbəli 16 mənzilli yaşayış binalarından birində qeydə alınıb. Şəhər sakini, 1940-cı il təvəllüdlü İbadov Bahadur Sədiyar oğluna məxsus, ümumi sahəsi 58 kvadratmetr olan 3 otaqlı mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə FHN-nin Göyçay Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub.
Hadisə zamanı evin bir otağı və mətbəxi içərisindəki əşyalarla birgə yanaraq yarasız hala düşüb. Yanğın zamanı binadakı insanlar təxliyyə edilib. Yanğınsöndürənlər alova vaxtında müdaxilə etməklə evin qalan hissəsini və binadakı digər 15 mənzili yanğından mühafizə ediblər.
İkinci mərtəbədə baş verən yanğının söndürülməsi zamanı istifadə olunan tonlarla su binanın birinci mərtəbəsində yaşayan ailənin mənzilini də yararsız hala salıb. Hadisə zamanı xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil. Faktla bağlı araşdırma aparılır. (APA)