|
"Manatın devalvasiyadan sonra qardaşımı və digərlərini aldadaraq hansısa sənədə imza atdırıblar ki, kreditin vaxtını uzatmaq üçündür. İndi isə kredit götürənlərə küllü miqdarda əlavə pul yazıblar. Hətta bu günə qədər ödənilən pullar belə nəzərə alınmır".
Şərurda kredit götürən sakinlərin başı dərddədir. Onlar polis şöbəsinə çağırılaraq təhdid olunurlar, banka olan borclarını ödəmələri tələb olunur. Həm də borclu olduqlarından qat-qat artıq. Bu barədə Conflict.az saytına sakinlər məlumat veriblər.
Təhlükəsizlik üçün adlarını çəkmədiyimiz sakinlərin məlumatına görə, bir neçə gün ərzində 50-dən artıq banka borcu olan Şərur rayon sakini polisə aparılıb. İstənilən məbləği ödəyənlər sərbəst buraxılır, ödəməyənlər isə polisdə girov saxlanılaraq qohumlarından pulu gətirmək tələb olunur.
“Qardaşımı polisə aparıblar. 8 min manata qarşı 11 min manat ödənib. İndi isə bizdən yenidən 14 min manat ödəmək tələb olunur. Biz Naxçıvan Kredit Bankdan əkin üçün pul götürmüşdük. Vaxtı-vaxtında da qrafikə uyğun götürdüyümüz pulu banka ödəmişik. Əlimizdə qəbzlər də var. Qəbizləri göstəririk baxan yoxdur ”.- deyə sakinlərdən biri bildirdi.
Digər sakin isə dedi: “Sakinləri polisdə saxlamaqları qeyri-qanunidir. Manatın devalvasiyadan sonra qardaşımı və digərlərini aldadaraq hansısa sənədə imza atdırıblar ki, kreditin vaxtını uzatmaq üçündür. İndi isə kredit götürənlərə küllü miqdarda əlavə pul yazıblar. Hətta bu günə qədər ödənilən pullar belə nəzərə alınmır. Polisdə saxlanılanlara psixoloji, mənəvi və fiziki təzyiqlər olunur. Əgər borcumuz varsa, krediti qaytara bilmiriksə bizə bank tərəfindən xəbərdarlıq edilməlidir. Nə bank xəbərdarlıq edib, nə də məhkəməyə verilmişik. Sadəcə özbaşınalıqdır. Polis rəisi Məmməd Hüseynov zorakılıqla bizdən pul alır ”
Sakinlər bir neçə dəfə zəng edərək conflict.az-dan kömək istəyiblər. Bizə müraciət edənlərin səs yazısı da əlimizdədir.
Məsələ ilə bağlı müxbirimiz telefon vasitəsi ilə Şərur rayon Polis Şöbəsi ilə əlaqə saxlayıb. Polis rəisi Məmməd Hüseynov deyilənləri təkzib edib: “deyilənlərin heç bir əsası yoxdur, yalandır”-deyə rəis conflict.az-a bildirdi.
Conflict.az saytı olaraq ümidvarıq ki məsələ aidiyyəti qurumlar tərəfindən araşdırılacaq və qanuni yolla həllini tapacaq.