|
Bu gün Gənclər Evində “Ortaq Dəyərlər” İctimai Birliyi “Kütləvi informasiya vasitələrində din mövzusu və dini maarifləndirmənin durumu” adlı dəyirmi masa keçirib.
Teleqraf.az modern.az-a istinadən xəbər verir ki, “Ortaq Dəyərlər” İctimai Birliyin sədri Aqil Camal tədbiri açaraq bildirib ki, rəhbəri olduğu qurum bu ilin may, iyun, iyul və avqust ayları ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Dövlətin din siyasətinin təbliği: Kütləvi informasiya vasitələrində dini maarifləndirmə işi” adlı layihə həyata keçirib:
“Bu layihə, cəmiyyət həyatında önəmli yeri olan dini dəyərlərin Azərbaycan toplumunda təbliğinin hansı əsaslar üzrə aparılmasını, dövlətin din siyasətinin təbliği vəziyyətini təhlil etməyi nəzərdə tuturdu. Həmçinin, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış memorandumdan irəli gələn əməkdaşlığa töhfə verməyi hədəfləyirdi”.
A.Camal bildirib ki, layihə çərçivəsində ölkədə dini durum, dövlətinin din sahəsində siyasətinin təhlil və təbliği məqsədilə mediada məqaalə və müsahibələr yayınlanıb: “Bundan başqa, 10 qəzet, 10 sayt və 5 yerli televiziya üzərində monitorinq aparılıb. Monitorinq nəticəsində ölkə KİV-də dini maarifləndirmə işinin durumu mümkün qədər öyrənilib. Həmçinin, layihə çərçivəsində Ortaqdeyerlər.com saytı qurulub. Sayt ölkədə dini, milli və mənəvi maarifləndirmə yönümündə çalışacaq.
Tədbirdə “Azərbaycan dövlətinin din siyasətini peşəkar səviyyədə təbliğ edən televiziya proqramı” nominasiyası üzrə İctimai Televiziyada yayınlanan “Din və Cəmiyyət” proqramı, “Azərbaycan dövlətin din siyasətini peşəkar səviyyədə təbliğ edən mətbu orqan” nominasiyası üzrə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin “Dövlət və din” jurnalı, “mediada azərbaycançılıq, Azərbaycan milli ideologiyası və din mövzusunda davamlı yaradıcılığına görə” fəlsəfə doktoru Faiq Ələkbərov xüsusi ödüllə təltif olunub.
Dəyirmi masada çıxış edən İctimai Televiziyanın Elm və Təhsil departamentinin rəhbəri Zaur Mahmudov təmsil etdiyi qurumun dini maarifləndirməyə xüsusi diqqət yetirdiyini, efir siyasətində bu işi davam etdirəcəklərini bildirib.
Dini Komitənin dini maarifləndirmə işinin təşkili şöbəsinin müdiri, “Dövlət və Din” jurnalının redaktoru Sadiq Mirzəyev çıxışında sözügedən komitənin aktiv fəaliyyətindən bəhs edib: “Azərbaycanda dini sahədə fəal dövlət siyasəti həyata keçirilir. Qədim dini məbədlər, məscidlər dövlət vəsaiti hesabına bərpa olunur. Yeni ibadət kompleksləri yaradılır. Həmçinin, Dini Komitə vasitəsilə dini icmalara maddim yardım göstərilir”.
İctimai TV-nin “Din və Cəmiyyət” proqramının aparıcısı Natiq Ələkbərov qeyd edib ki, Azərbaycan həm qədim dini ənənələrin mövcud olduğu, dini dəyərlərin geniş yayıldığı bir ölkədir, həm də, fərqli dini cərəyanların, məzhəb və təriqətlərin qovşağında yerləşir: “Bu baxımdan, ölkəmizdə dini məsələyə təkcə dövlətin, müvafiq dövlət qurumlarının deyil, eyni zamanda vətəndaş cəmiyyəti institutlarının da həssas yanaşması çox zəruridir”. N.Ələkbərov “Din və Cəmiyyət” proqramının da bu məqsədə xidmət etdiyini bildirib.