Deputatlar Elman Rüstəmovu yenidən Mərkəzi Bankın İdarə Heyətinin üzvü seçdilər

  Aprelin 3-də spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti plenar iclası keçirildi. Türkiyədən gəlmiş qəzetçilərin və digər qonaqların da müşahidə etdiyi iclasda cari məsələlərin müzakirəsi zamanı növbəti mübahisə baş verdi.

 Deputat Fəzail Ağamalı söz alıb dedi ki,  Avropa Yay Oyunları yaxınlaşdıqca Azərbaycana qarşı böhtan, şər kampaniyası artır. F.Ağamalı deputatlara və mətbuata müraciətlə Azərbaycana qarşı yönəlmiş kampaniyaya qarşı ciddi fəaliyyətə çağırdı.

 Zahid Oruc diqqəti 22 martda ağ bayraq qaldırıb Azərbaycan tərəfə keçmiş erməni əsgərə cəlb etdi: “Andronik  Qriqoryan dedi ki, bura keçmək istəyən çoxlu sayda insan var, amma burda onları nə gözlədiyini bilmədikləri üçün cəsarət etmirlər. Biz Ermənistana bir, Qarabağ ermənilərinə başqa siyasət yürütməliyik. Nəzərə almalıyıq ki, hələ də silahlı əməliyyatda iştirak etməyən ermənilər var. Sabah ağ bayraq qaldıran növbəti erməniləri, o biri gün Azərbaycan Konstitusiyasını qəbul edən erməniləri qəbul etməyə hazırıqmı? Ona görə də Azərbaycan Qarabağ ermənilərini Ermənistanın avantürasından xilas etməlidir”.

 Fazil Mustafa 24 apreldə İrəvanda yalançı erməni soyqrımının 100 illiyinə həsr olunmuş tədbir keçiriləcəyini dedi: “Biz 24 aprelə öz cavabımızı verməliyik. Türkiyə hökuməti bu istiqamətdə ağıllı addım atdı. Mən təklif edirəm ki, biz də 24 apreldə Çanaqqala zəfərinin 100 illiyini bayram edək. Bu, həm Türkiyə ilə həmrəylik olacaq, həm də soyqrıım iddialarına cavab olacaq. Çanaqqalada Azərbaycan mindən artıq şəhid verib”. F.Mustafa iki ölkənin Qarsda birgə hərbi təlimlərini keçirməyə də çağırıb.

 İqbal Ağazadə prezidentin verdiyi əfv fərmanına diqqət çəkdi: “Siyasi məhbuslardan 4-ü azad olundu. Çox istərdik ki, bu say artırılsın, Azərbaycanın dostu olmayanlar bu faktdan istifadə etməsinlər. Ona görə də Avropa Oyunları öncəsi böyük amnistiya verilməsini istərdik”.

İ.Ağazadə dedi ki, Andronikə vətəndaşlıq pasportu vermək lazımdır: “Ermənilərə müraciət etmək lazımdır ki, kim istəyirsə, buyurub keçsin, təhlükəsizliyi təmin ediləcək. Azərbaycan dövləti buna zatən hazırdır, bunu dəfələrlə bəyan edib. Azərbaycanda milli ayrı-seçkiliklə bağlı problem yaşanmır. XİN, DİN, MTN bununla bağlı müraciət qəbul etməlidir ki, hətta vaxtilə döyüşlərdə iştirak etmiş adamlar səhvlərini başa düşüb bu tərəfə keçsələr, onlar məsuliyyətdən azad ediləcək”.

 Oqtay Əsədov isə “Qorxuram bundan sonra ermənilərin hamısı qaçqın statusu almaq üçün Azərbaycana gəlsinlər” dedi.

 Elmira Axundova dedi ki, yay vaxtına keçid insanların səhhətində ciddi problemlər yaradıb: “Artıq gecdir, Rusiyada olduğu kimi biz də birdəfəlik bu məsələni həll etməliyik”.  

Xanhüseyn Kazımlı Türkiyə-Azərbaycan birliyini təqdir etdi, ermənilərin törətdiyi soyqırıma qarşı birgə mübarizəni zəruri saydı. 

 Məlahət İbrahimqızı bildirdi ki, bəzi rayonlar istisna olmaqla, yas mərasimləri artıq əsl İslam ənənələrinə uyğun keçirilir: “Naxçıvan bir nümunədir”. M.İbrahimqızı xeyir işlərlə bağlı da parlamentin qanun qəbul etməsini təklif etdi: “Bu gün Azərbaycanda mümkün deyil ki, vətəndaş övladına öz büdcəsinə uyğun məclis keçirsin”.

 O.Əsədov dedi ki, Milli Məclis belə bir qanun qəbul edə bilməz, etməyib də: “Qanun qəbul edə bilmərik ki, sən menyunu belə yaz. Bu, insanların düşüncəsi, şüuru ilə həll olunası məsələdir”. 

 Qənirə Paşayeva F.Mustafanın Çanaqqala zəfəri ilə bağlı təklifinə dəstək verdi: “Cənab prezident də 24 apreldə Çanaqqala zəfəri ilə bağlı Türkiyədəki tədbirə qatılacaq. Çanaqqala zəfərinin Azərbaycanda da yüksək səviyyədə keçirilməsi zəruridir, ümid edirəm ki, bu, həyata keçəcək”.

 Q.Paşayeva “Reproduktiv sağlamlıq haqqında” qanun layihəsini də bir daha gündəmə gətirdi: “Azərbaycanda sonsuzluq 15 faizə çatıb. Boşanmaların 50 faizə qədəri övlad dünyaya gəlməməsi səbəbindən baş verir”. Xanım deputat yaxın zamanlarda bu qanun layihəsinin parlamentdə müzakirəyə çıxarılmasını təklif etdi.

 Əhməd Vəliyev Qazax rayonunun 7 kəndinin düşmən tərəfindən işğal olunduğunu, 5 kəndinin daimi atəş altında qaldığını deyib rayonun durumundan danışdı.

 Milli Məclisin iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi haqqında məsələyə baxıldı. İqtisadiyyat komitəsinin sədri Ziyad Səmədzadə Mərkəzi Bankən İdarə Heyətinin sədri Elman Rüstəmovun Mərkəzi Bankən İdarə Heyətinin üzvlüyünə yenidən namizədliyinin təsdiq olunmasına çağırdı. Müzakirələr zamanı deputatlar və parlament rəhbərliyi Elman Rüstəmovun Mərkəzi Bankın İdarə Heyətinin sədri kimi fəaliyyətini yüksək qiymətləndirdilər. Spikerin də dəstəyindən sonra səsvermə keçirildi. E.Rüstəmov və X. Abdullayevin namizədliyi səsə qoyuldu, səs çoxluğu ilə hər iki şəxs Mərkəzi Bankın İdarə Heyətinin üzvü vəzifəsinə təyin edildi.

 Bundan sonra İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinator, daxili işlər nazirinin müavini, general-leytenant Vilayət Eyvazov parlament qarşısında illik məruzə ilə çıxış etdi. Bildirdi ki, 2014-cü ildə insan alverinin qurbanları kimi 54 fakt müəyyən edilib: “Bunlardan (51 qadın, 3 kişi) 37-si Türkiyə Respublikasına, 8-i Rusiya Federasiyasına, 6-sı Birləşmiş Ərəb Əmirliklərinə aparılıb, 3 əcnəbi (Rusiya Federasiyasının iki, Çin Xalq Respublikasının bir vətəndaşı) ölkə daxilində istismara məruz qalıb. Müvafiq cinayətlərdə təqsirləndirilərək haqqında axtarış elan olunmuş 25 şəxsdən 12-si tutularaq istintaq və məhkəmə orqanlarına təqdim edilib. Hesabat ilində həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 2013-cü illə müqayisədə 21 faiz çox və ya 97 insan alveri, 4 məcburi əmək, habelə insan alveri məqsədilə şəxsiyyəti təsdiq edən sənədlərin saxtalaşdırılması ilə bağlı 3 fakt aşkarlanıb.

 Bu əməllərə görə 26 nəfər (18 qadın, 8 kişi) cinayət məsuliyyətinə cəlb edilib, insan alveri ilə məşğul olan 9 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilib. Qurbanlardan 38-i sığınacağa yerləşdirilərək hər birinə zəruri yardımlar edilib, eləcə də təhlükəsizliyi təmin olunub. Bütövlükdə 54 qurbana birdəfəlik müavinət verilib, 40-na Kömək Fondu tərəfindən maddi yardım göstərilib, 24-ü işlə təmin edilib, 30-u peşə kurslarına göndərilib”. General bildirdi ki, həyata keçirilmiş profilaktik tədbirlərlə 34 qurban ailəsinə qayıdıb, sosial xidmətlə əhatə olunması üçün 36 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün Yardım Mərkəzi tərəfindən 28 qurbana hüquqi və psixoloji yardım, həmçinin Səhiyyə Nazirliyinin xüsusi tibb müəssisələrində 43 qurbana tibbi xidmət göstərilib. Sığınacağa yerləşdirilmiş qurbanların himayəsində olan 16 azyaşlı məktəbdənkənar təhsil proqramına cəlb edilib, o cümlədən 5-i “Azərbaycan Uşaqlar Birliyi” İctimai Təşkilatının müvəqqəti sığınacağına yerləşdirilib. Müvafiq tədbirlərlə, həmçinin ictimai mənəviyyat əleyhinə olan 183 cinayət aşkarlanaraq 115 nəfər məsuliyyətə cəlb olunub, 571 qadın barəsində inzibati tədbirlər görülüb.

 Məruzədən sonra söz alan deputat Elton Məmmədov hesabatı yüksək dəyərləndirib müzakirələrə ehtiyac olmadığını bildirdi. Ancaq təkidlə söz istəyən deputat Elmira Axundova çıxış etdi.  “Məcburi əməyə, o cümlədən uşaq əməyinin istismarına qarşı tədbirlər” bölməsində ilk dəfə olaraq polis orqanları tərəfindən keçirilmiş reydlərdən, küçə həyatına məruz qalan, dilənçilik edən, qeyri-qanuni qulluğa cəlb edilən 502 azyaşlıdan söhbət gedir" deyə, bildirdi. O qeyd etdi ki, hələ keçən il də “İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatında” məhz bu məsələləri diqqətə çatdırmışdı: “Razılıq hissi ilə qeyd etməliyəm ki, biz bakılılar son ildə polis orqanlarının dilənçilik və dilənçilərlə mübarizəni gücləndirilməsinin əyani şahidi olmuşuq. Hazırda Bakı küçələri, trasları bu bəladan əhəmiyyətli dərəcədə azad olub. O cümlədən hesabatda da qeyd olunduğu kimi məktəblilər arasında xeyli sayda neqativ hallar aşkar edilib və qarşısı bu və ya digər vasitələrlə alınıb. Bununla belə, bir neçə təkliflə çıxış etmək istərdim. Ümidvaram ki, bu da ümumi məqsədə xidmət edəcək. Təklif edirəm ki, Cinayət Məcəlləsində azyaşlıları, yetkinlik yaşına çatmayanları dilənçiliyə məcbur etməyə görə cəza təyin edilsin. Əgər belə maddə varsa, cəza sərtləşdirilsin”.  

 İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bundan sonra hesabatı səsverməyə çıxaranda deputat Fazil Mustafa əlini qaldırıb təkidlə söz istədi. Lakin vitse-spiker hesabatı səsverməyə təqdim etdi və məruzə məqbul sayılaraq qəbul edildi.

 Növbəti məsələnin müzakirəsi zamanı yenidən söz alan F.Mustafa öz etirazını bildirdi.

“Milli koordinator burda çıxış etdi. Bizim bəlkə ona bir neçə dəyərli təklifimiz var idi. Bizə təkliflərimizi verməyə imkan yaratmırsız” deyə, o bildirdi. Bu fikirlər isə Z.Əsgərovun etirazına səbəb oldu, bildirdi ki, bununla bağlı deputatlara müraciət olunub: “Niyə çıxış etmədiniz? Mən sizin əlinizi də, səsinizi də görmədim. Torba atmaq lazım gələndə müraciət edirsiniz, ancaq belə məsələlərdə təkid etmirsiniz”. Çıxışına davam edən F.Mustafa dedi ki, deputatlara bu qədər sayğısız yanaşmaq olmaz: “Biz sizin müzakirələr üçün 5 dəqiqəlik vaxtın verilməsi fikrinizlə razılaşdıq. Bəs biz bura dinləmək üçün gəlmişiksə, onda sakitcə dinləyək, səsimizi verək, çıxaq gedək. Mənim insan alveri ilə bağlı çox ciddi təkliflərim var idi. Burada söhbət kimisə tənqid etməkdən getmir. Müzakirəyə yazılan deputatlara imkan yaradın, yaxud bütün hesabatları və bu barədə məlumatları birləşdirərək bir iclasda verək getsin. Belə məclismi olar? Heç olmasa deputatların rəyini də soruşun”. 

 Z.Əsgərov deputatın fikirlərinə bir daha etiraz etdi: “Sizin irad bildirməyə hüququnuz var. Amma çıxışınızda məntiq yoxdur. Mən deputatlara müraciət etdim ki, təkid edən var? Təkcə Elmira Axundova təkid edib fikirlərini söylədi. Digər müzakirəyə yazılanlar çıxışdan imtina etdi. Bu nə deməkdir? Mətbuat burda oturub deyə populistlik lazım deyil. Mən dəfələrlə müraciət etdim ki, kimin təklifi varsa desin”.

 Deputatlar “Məhkəmələr və hakimlər haqqında”, “Uşaq hüquqları haqqında”, “Bələdiyyələrin statusu haqqında”, “Polis haqqında”, “Notariat haqqında”, “Dövlət qulluğu haqqında”, “Konstitusiya Məhkəməsi haqqında”, “Dövlət sirri haqqında”, “İctimai televiziya və radio yayımı haqqında”, “Əmək pensiyaları haqqında”, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlar və Seçki Məcəlləsinə texniki dəyişiklikləri də qəbul etdilər.

 “Kənd təsərrüfatı informasiya-məsləhət xidməti haqqında” qanun layihəsi barədə danışan deputat Musa Quliyev kənd təsərrüfatına xüsusi diqqət baxımından qanunun qəbulunu önəmli saydı: “Bu il kənd təsərrüfatı ildir, çox yaxşı olar ki, qanunu qəbul edək”. 

 Fəzail Ağamalı dedi ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı xüsusi əhəmiyyət kəsb edir: “Əgər kənd təsərrüfatından səmərəli istifadə olunsa, Azərbaycan əhalisi kənd təsərrüfatından gələn gəlir hesabına yüksək səviyyədə təmin oluna bilər. Bu istiqamətdə aparılan islahatların öz bəhrəsini verəcəyini düşünürəm”.

Yekunda komitə sədri Eldar İbrahimov qanun layihəsinə bu qədər maraq göstərilməsindən məmnunluğunu bildirdi və ilk oxunuşda layihə qəbul edildi

 Bundan sonra deputat Vahid Əhmədov müəllifi olduğu və ikinci oxunuşa təqdim ediəln “Reklam haqqında” qanun layihəsi barədə çıxış etdi.

 

Bölməyə aid digər xəbərlər

20 İyun 2022 Ruslar bu kəndi ələ keçirdi

09 Noy 2021 Erməni nazir Qarabağa necə gəlib? - Sülhməramlı təxribatı...

07 Sent 2020 Güney Azərbaycanlı Tələbələrlə bağlı Azərbaycan Dövlətinə Müraciət!

23 May 2018 Erməni ordusunun hərbçisi öldürüldü

27 Okt 2016 Cəbhə bölgəsində gərginlik yaranıb

19 Okt 2016 Ermənilər iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 13 dəfə pozub

17 Okt 2016 25 illik müstəqilliyimiz, sönməyən ümidlərimiz..

16 Okt 2016 “Qorotdel”də əməliyyat müşavirəsi keçirildi

15 Okt 2016 İŞİD-in qərargahı vuruldu - “Fərat qalxanı”

14 Okt 2016 Pakistanın baş nazirinin rəsmi qarşılanma mərasimi olub

12 Okt 2016 Şəki bazarı yandı - Video

10 Okt 2016 Müsavat Partiyasının Məclis üzvü vəfat edib

09 Okt 2016 Türkiyədə daha 6 əsgər şəhid oldu

08 Okt 2016 Gürcüstanda seçkilərin ilk nəticəsi - Mişa uduzdu

07 Okt 2016 Daha bir tanınmış jurnalist həbs edildi

05 Okt 2016 Səxavət Tağlar: “Sağlam mühit üçün məktəb direktorunun şəxsi nümunəsinin rolu böyükdür”

30 Sent 2016 Roma Papasının Gürcüstan və Azərbaycana səfəri başlayır

29 Sent 2016 Azərbaycanlı sahibkar Qazaxıstanda güllələnib

24 Sent 2016 Naxçıvanda avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir

22 Sent 2016 Moskvada 5 nəfər yangınsöndürən ölüb

21 Sent 2016 Lənkəranda avtomobil yanıb

21 Sent 2016 Həbsdə olan jurnalist azadlığa buraxıldı

19 Sent 2016 Azərbaycanda yeni telekanal açıldı - Bu gün efirdə!

18 Sent 2016 Rusiya təyyarəsi Latviya səmasında yaxalandı

16 Sent 2016 Xəzərdə zəlzələ olub

07 Sent 2016 Balakəndə 5 bal gücündə zəlzələ baş verib

31 Avq 2016 Gürcüstanın baş naziri Azərbaycana gəlib

30 Avq 2016 Gürcüstanda 200 nəfərdən çox azərbaycanlı zəhərləndi

21 Avq 2016 ABŞ generalı Rusiyanı hədələdi

18 Avq 2016 Lənkəranskinin nəşi vətənə gətirilir

Xəbər lenti