|
BAO tərəfindən təşkil edilən səfər zamanı müzakirə də təşkil olunub.
Teleqraf.az-ın verdiyi xəbərə görə, “31 mart Azərbaycanlıların Soyqırımı Günü” ilə əlaqədar Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Quba rayonunda yerləşən "Soyqırım Memorial Kompleksi" ziyarət olunub. Tədbirdə alimlər, ziyalılar, gənc nəslin nümayəndələri, BAO üzvləri iştirak edib. 28 mart tarixində baş tutan ziyarətdə Kompleksin mütəxəssisləri tərəfindən iştirakçılara 1918-ci ildə baş verənlər barədə ətraflı məlumat verilib, sənədlər və faktlarla tanışlıq imkanı yaradılıb. Quba rayonuna baş tutan səfər zamanı həmçinin, Şəhidlər Xiyabanı, tarixi abidələr ziyarət olunub və “Soyqırım dərsi” adlı müzakirə təşkil olunub. Qeyd edək ki, Bütöv Azərbaycan Ocaqları 2012-ci ildə təsis edilib və əsas məqsədi vətəndaşlar arasında milli özünü dərk prosesinə təkan verməklə, bütövləşmə, millətləşmə, dövlətləşmə prosesinə nail olmaqdır. Hərəkatın sıralarda, alimlər, ziyalılar, tarixçilər, ictimai fəal vətəndaşlar birləşir. Bu günədək onlarla tədbir keçirən qurum öz məqsədinə çatmaq üçün Bütöv Azərbaycanın tarixi, coğrafiyası, ədəbiyyatı, inkişaf mərhələləri, etnik kimliyi, şəxsiyyətləri, gələcək hədəfi mövzunda müzakirələrə üstünlük verib.