|
ARDNŞ-in Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsinin dalğıcı Xəzər dənizində sualtı təmir işləri zamanı boğularaq ölüb.
APA-nın məlumatına görə, Şirvan şəhəri T. İbrahimov küçəsi, ev 10 ünvanında qeydiyyatda olan 1976-cı il təvəllüdlü Umudov Kamil Əhmədağa oğlu Xəzər dənizində sualtı-texniki və dalğıc işlərinin yerinə yetirilməsi zamanı boğularaq dünyasını dəyişib. İş yoldaşlarının bildirdiyinə görə, sudan su qabarcıqlarının çıxmadığını görən həmkarları suya tullanaraq onu xilas etməyə çalışıblar. Amma bu mümkün olmayıb. Onlar sudan onun yalnız meyitini çıxara biliblər. Hadisənin hansı səbəbdən baş verdiyi hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Qeyd edək ki, “Dalğıc və Qəza-xilasetmə İşləri İdarəsi” dəniz sahələrində Azərbaycan Dövlət Neft Şirkətinin tapşırıqlarına əsasən neft və qaz yataqlarında tələb olunan bütün növ sualtı-texniki və dalğıc işlərini yerinə yetirir.