|
Siyasi əqidəsinə görə həbsə edilən Sirac və Fərəc qardaşlarının atası Raqif Kərimov Müsavat Partiyası başqanının müavini olan oğlu Fərəcin sosial şəbəkədəki profilində maraqlı status paylaşıb. Teleqraf.az Həmin statusu təqdim edir:
YAŞASIN MÜSAVAT!!!
Oğlum Fərəc , axşam evə gələndə mənə xəbər verdilər ki, bu gün telefonla danışarkən demisən ki, müstəntiq təcridxanaya səninlə üzləşdirmək üçün üç nəfər üzəduran gətiribmiş. Haqq- ədalətin ayaqlar altında tapdandığı ölkədə , əlimin çatmadığı bir ünvanda namərdlərlə təkbətək qaldığın bir vaxtda yanında , arxanda ola bilmədiyim üçün, əlbəttə, üzüldüm. Ancaq bu dar məqamda bir fikir mənə təskinlik verdi. Dedim, nə yaxşı ki, siz (qardaşın və sən) o üzə duranların yerində deyilsiniz. Fikirləşirəm, görəsən, o binəvalar ailələrinin, yaxınlarının üzünə necə baxırlar?! Onların ataları, yaxınları cəmiyyətin içinə necə çıxırlar?!Görəsən, onlar özləri bunun fərqinə varıblarmı heç ?! Nə yaxşı, Allahım məni hifz edib, sizi belələrindən yaratmayıb. Nə yaxşı ki, sizin şərləndiyinizi məndən də yaxşı bilən, qurulan tələlərin, toxunan torların nə qədər “danabaşlıqla” edildiyini ovuclarının içi kimi görən və özlərində mərdlik tapıb "mən bu siyasi oyunların oyuncağı ola bilmərəm" deməyi bacarmayan, işinizi aparan müstəntiqlərin atası deyiləm (siz yaxşı bilirsiniz ki, Allah eləməmiş elə bir iş olsaydı qarşınızda şərlənənlərdən çox məni görərdiniz). Hələ hakim, prokuror adı daşıyan tragikomediya aktyorları: onlar Nadir şahın oğlunun gözünə mil çəkən cəlladdan betərdirlər.
Sənin və qardaşının zindan həyatınız (bunlar əslində bu mövzuya aid deyil, bu haqda bir yazı yazacağam, sizə ona görə qeydlər aparın deyirdim) ailəmiz, qohumlarımız, dostlarımız və yaxınlarımız üçün çətinliklər yaradır, ağrılar verir, bəzən heç gizlətmək də olmur. Bu gün balaca Əminə sizinlə telefon danışığında "əmi, biz gələcəyik sizə, siz də bizə gəlin" deməsini mənə xəbərlədilər (Atilla və Əminə iki dəfə təcridxanaya görüşə gəliblər və oranı sizin eviniz başa düşübllər). Nə isə... Bütün bunların ən pis tərəfi ölkə insanının sındırılması, könüllü nökərçiliyin həyat normasına çevirilməsi, üzə durmanın, işverənliyin iş yeri statusu almasıdır. Qəsdən “Yalıncıqlıq” sindromunu yayıb, insan inkişafı amilindən dəm vurmaqla cəmiyyətdə toranlıq yaratmaqdır.
Oğlum mən ümidli və qürurluyam. Sizi də bir daha ümidli və möhkəm olmağa, ləyaqətinizi uca tutmağa çağırıram. Biz haqq yolundayıq, haqq qalib gələcək! Biz şərəfli bir yolda, MƏHƏMMƏD ƏMİN RƏSULZADƏ yolunda, XALQIN içindəyik, MÜSAVAT sıralarındayıq . Bu yolu mən seçmişdim ,sağ olun ki, bir oğul olaraq siz məndən də önə keçdiniz. Mən sizinlə FƏXR EDİRƏM ! YAŞASIN MÜSAVAT! YAŞASIN AZƏRBAYCAN !