|
Klassik Xalq Cəbhəsi Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib.
Teleqraf.az-ın xəbərinə görə, iclasda qərarların icra vəziyyəti dəyərləndirilmiş, ictimai siyasi vəziyyət və qarşıda duran vəzifələr müzakirə edilərək uyğun qərarlar qəbul edilmişdi.
Yığıncaqda partiya orqanlarının həftə ərzində gördüyü işlər qiymətləndirilmiş, bələdiyyə seçkilərindən edilən şikayətlərlə bağlı məlumatlar dinlənilmiş, KXCP Ali Məclisinin son sessiyasında qəbul edilmiş qərarların icrası istiqamətində müzakirələr aparılmış, ictimai siyasi vəziyyət və cari məsələlər müzakirə edilmişdir.
Yığıncaqda, seçkilərdəki kütləvi qanun pozuntuları və total saxtakarlıqlarla, xüsusilə KXCP-nin bələdiyyə seçkiləri ilə bağlı Rəyində göstərilən bələdiyyələrdə: Nərimanov, Qazax, Masallı, Kürdəmir, Saatlı və s. rayonların ərazilərindəki bələdiyyələr ilə əlaqədar şikayətlərin sona qədər davam etdirilməsi məqsədəuyğun hesab edilmişdir.
Yığıncaqda, KXCP Ali Məclisinin son sessiyasının partiyanın növbəti qurultayına hazırlıqla bağlı qərarının icrası ilə bağlı Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi, rayon (şəhər) şöbələrinin hazırlıq vəziyyəti, təşkilati, texniki və digər məsələlərin ilkin müzakirələri aparılmışdır.
Yığıncaqda, 2015-ci ildə Milli Məclisə keçiriləcək seçkilərlə bağlı vəziyyət müzakirə edilmişdir.
Yığıncaq Azərbaycan prezidentinin əfvi ilə məhkum edilmiş bir sıra şəxslərin həbsdən azad edilməsini müsbət hal kimi dəyərləndirmiş, lakin yetərsiz olduğunu qeyd etmişdir. Bu əfvlə cəmiyyətin gözləntisi doğrulmamış, 100 -ə yaxın vicdan məhbusunun əksəriyyətinin azadlığa buraxılmamasnı hakimiyyətin hələdə insan haqlarını lazımı səviyyədə qiymətləndirə bilməməsi, siyasi maraqlarını humanist dəyərlərdən üstün tutduğunun göstəricisi kimi qiymətləndirilmişdir. KXCP azadlığa çıxmaları münasibəti ilə Əvəz Zeynallı, Qurban Məmmədov, Üzeyir Məmmədli, Zaur Qurbanlı, Sərdar Əlibəyli, İsmayıllı və Hicab məhbuslarına və onların yaxınlarına gözaydınlığı verir.
Yığıcaqda 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbirlər müzakirə edilmişdir. Qəbul edilmiş qərara görə bayram münasibəti ilə 31 dekabr, saat 12.00-da Fəxri xiyabanda Əbülfəz Elçibəyin məzarının ziyarət edilməsi, daha sonra İran İslam Respublikasının səfirliyi qarşısında piket keçirilməsi nəzərdə tutulmuşdur. Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə Azərbaycan xalqına təbrik qəbul edilmişdir.