|
Azərbaycan islam partiyası sədrinin müavini Akif Heydərli Bakı meriyasının mitinqlərinə icazə vermədikdən sonra atacaqları addımlardan danışıb.
A.Heydərli “Qafqazinfo”ya açıqlamasında bildirib ki, rəsmi məktubda qeyd olunub ki, onların mitinq təyin etdiyi gün, yəni noyabrın 16-da AXCP mitinq keçirəcək: “Biz bunu elan etdik, nə AXCP, nə də Milli Şura bizə cavab vermədi ki, keçirəcəklər ya yox. Görünür ki, bu əvvəlcədən AXCP ilə razılaşdırılıb ki, İslam Partiyası mitinq keçirməsin. Belə deyildisə, AXCP bunu elan etməli idi”.
Partiya funksioneri qeyd edib ki, meriyanı məhkəməyə verəcəklər: “Biz mitinq keçirməkdə israrlıyıq. Noyabr ayının sonunda mitinq keçirmək üçün təkrar müraciət edəcəyik. Bizə verilən cavabın qeyri-qanuni olması haqda araşdırma aparacağıq. Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəyik. AXCP və Milli Şura da məhkəmədə tərəf kimi çıxış etməli olacaq”.