|
Lənkəran şəhər polis şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat axtarış tədbirləri nəticəsində Yuxarı Nüvədi kəndində fəaliyyət göstərən tiryəkxana aşkarlanıb.
ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, tiryəkxanada narkotik vasitələri qanunsuz olaraq əldə etmə və saxlanması ilə məşğul olan rayon sakinləri saxlanılıb.
Qanunsuz fəaliyyət göstərən tiryəkxana rayonun Yuxarı Nüvədi kənd sakini, əvvəllər məhkim olunmuş 34 yaşlı Davud Mustafayevin yaşadığı evdə aşkarlanıb. Evə baxış keçirən zaman 34 qutuda 182 qram marixuana, 14 bükümdə 32 qram həşış, 7 bükümdə və bir ədəd selafan bükümdə 57 qram heroin, 150 qram çətənə bitkisinin toxumu, 1 ədəd elektorn tərəzi, marixuana çəkmək üçün istifadə edilən siqaretlər, 10 ədəd heroindən istifadə etmek üçün şpris və 10 ədəd distillə olunmuş su ampulası aşgar olunaraq götürülüb.
İşi araşdıran müstəntiq Toğrul Hüseynovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, bundan başqa əməliyyat axtarış tədbirləri zamanı evinə baxılş keçirilərkən üstündə narkotik vasitələri saxlayan 3 nəfər səxs yaxalanıb.
“Saxlanılan şəxslər polis şöbəsinə gətirilib. Davud Mustafayev istintaqdan yayınıb. Onun yaxalanması istiqamətində tərəfimizdən əməliyyat axtarış tədbirləri davam etdirilir”, - deyə Toğrul Hüseynov bildirib.
Əməliyyat zamanı evdə yaxlanan Davudun həmkəndliləri, əvvəllər məhkum olunmuş 38 yaşlı İsfəndiyar Mustafayevin üzərindən 0,5 qram, 21 yaşlı Murad Həbibov və Zülfüqar Quliyevin üzərindən 0,1 qram heroin aşkar olunarağ götürülüb.
Araşdırmalar zamanı onların bir çox oğurluq cinayətlərində də iştirak etdikləri məlum olub. Əsasən kəndlərdən mal-qara oğurlayan dəstə üzvləri barədə araşdırmalar davam edir.
Faktla bağlı cinayət məcəlləsinin müvafiq maddələrilə cinayət işi başlanıb. Araşdırmalar davam etdirilir.