Müsavat başqanının gənclərlə iş üzrə müşaviri Səxavət Soltanlı Müsavat Partiyasın üzvülərindən üzr istəyib.
Teleqraf.az xəbər verir ki, Səxavət Soltanlı bu barədə özünün "facebook" səhifəsində yazıb:
“Müsavat Partiyasından, müsavatçılardan üzr istəyirəm!
Əziz dostlar, sizlərlə bəzi fikirlərimi bölüşməyin zəruri olduğunu nəzərə alaraq, aşağıdakıları diqqətinizə çatdırıram.
Bu üzrhaxlığıma səbəb, Əhliman Abbaslını Müsavat Gənclər Təşkilatının sədri kimi gənclərə tövsiyə etməyim və bu təklifimin sonradan səhv olduğunu başa düşməyimdir. Səhvimi xeyli əvvəl, Əhliman seçildikdən bir qədər sonra görürdüm, son ana qədər çalışırdım ki, düzəlsin, yetişsin və s. Alınmadı. Nə o işləməyi bacardı, nə də mən ona düz yolu izah edə bilmədim. Buna görə hər birinizdən üzr istəyirəm”.
Səxavət Soltanlı Əhliman Abbaslı barədə yanıldığını dilə gətirib:
Özləri də etiraf edərlər ki, xeyli müsavatçı gənc mənim təklifimi dəstəklədi, mənimlə bu məsuliyyəti bölüşdü. Daha sonra biz birlikdə bütün sivil üsullardan istifadə edib onun demokratik seçki yolu ilə Gənclər Təşkilatının rəhbərliyinə gəlməsinə nail olduq. Bu proses şəffaf və ədalətli olmuşdu! Baxmayaraq ki, onu dəstəkləyəndə düşüncəm və məqsədim ülvi idi. Müsavat Gənclər Təşkilatının xeyrinə olacağını düşünüb onu dəstəkləmişdim. O zaman fikirləşdim ki, bu gəncin xaricdə təhsil alması, daha gənc olması Müsavat GT-yə daha çox fayda verəcək, MGT-ni daha da cəlb edici edəcək. Amma gözlədiyimin əksinə oldu, O seçiləndən dərhal sonra şübhəli hərəkətləri ilə məni və dostları məyus etməyə başladı. Elə səhvləri var ki, burda yazmayacağam. Elementar səhvlərini yazacağam; 11 ay müddətində heç bir uğurlu fəaliyyət göstərməməsi bir yana, zərərli fəaliyyət göstərməyə başladı. MGT-nin ənənəvi iclaslarını vaxtlı-vaxtında keçirmir, Müsavat Partiyasının təşkil etdiyi tədbirlərə belə gəlmir, gələndə isə tədbirlərin sonunda gəlməklə, məsuliyyətsizliyi ilə məni və dostları məyus etməkdə davam edirdi. Əvvəlcədən razılaşmamıza baxmayaraq, gəncləri intriqaya çəkməyə çalışdı. Qurultay mövzusunda MGT-nin tərəfsizlik edəcəyini razılaşsaq da, bu razılaşmanı pozdu. Gənclər arasında ciddi intriqa yaratmağa başladı, gənclərin zərərli istiqamətə yönləndirilməsindəki xüsusi rolu və həvəsli olması bizi düşündürürdü. Şəxsi keyfiyyətlərini müzakirə etmək istəmirəm deyə, qısa kəsirəm. Səhvlər o qədər çox idi ki, səmimi təşəbbüsüm faktiki olaraq Müsavat Partiyasına qarşı xəyanət görüntüsü almağa başladı. Hər kəs məni qınayır, hər kəs ona görə üstümə gəlirdi, nəticədə Müsavata qarşı etdiyim bu "səhv"dən depressiyaya düşdüm və bu, xeyli davam etdi. Yaxın olanlar bilir. Bu haqda sonra...”
Müşavir Müsavatda olan istefalar barədə də fikrini bildirib:
“Dünən eşitdim ki, Müsavat Gənclər Təşkilatının rəhbəri mətbuata zəng edib təşkilatın “dağıldığı” haqda məlumat verib. Bu artıq son idi, bir normal adam rəhbəri olduğu təşkilatın dağılması haqqında informasiyanı mətbuata niyə versin? Hətta belə hal varsa da, qarşısını almalı idi. Dura bilmədim, düzəlməyəcəyinə tam əmin olduğum üçün daxili müzakirələrdə bu məsələnin açıq şəkildə üstünə getdim. Getməsəydim, bu, dostlarıma və mübarizəyə etdiyim xəyanət kimi yaddaşlara yazılacaqdı. Nəticədə məlum oldu ki, mətbuata adlarını açıqladığı müsavatçıların 7-si, ümumiyyətlə, istefa verməyiblər (həmin şəxslərin ərizələrinin, müraciətlərinin ortada olmaması, ortaya fakt qoyulmasını istəsək də, qoyulmaması bunu deməyə əsas verir). Həmin gənclərin ikisi, sən demə, Əhliman Abbaslıya etiraz məqsədi ilə Müsavat Partiyasından deyil, MGT-dən istefa veriblər. Bu şübhəli fəaliyyəti (təşkilatın dağılması haqqında açıqlaması) haqqında çoxları tərəfindən verilən suallar qarşısında susan Əhliman Abbaslı hərəkətlərinin normal izahını verə bilmədi. Artıq belə davam edə bilməyəcəyini təxmin edirdim.
Bu gün eşitdim ki, o artıq istefa verib, onun bu qərarını Müsavat Gənclər Təşkilatının sədri olduqdan sonra partiya üçün atdığı ən düzgün addım kimi qiymətləndirirəm, yolu açıq olsun!
Məni qınaqlardan qurtardıqı üçün ayrıca təşəkkür edirəm!
Amma istefasına gətirdiyi "əsaslar" kökündən yalan, böhtan, şərdir. İndidən bir gəncin bu qədər yalanları özünə qalxan etməsi narahatlıq yaradır. Yalan insani keyfiyyət deyil!
İnsan yalanlarla özü ilə yanaşı, başqalarını da uçuruma aparır.
Sual edə bilərsiniz ki, bu məsələni əvvəllər niyə qabartmadınız, niyə yazmadınız?
İlk olaraq düşündüm ki, düzələr, daha sonra isə namizədlərdən birini dəstəklədiyi üçün seçkiqabağı düzgün anlaşılmaz deyə, bu məsələyə toxunmamağı üstün tutdum.
Müsavat Gənclər Təşkilatının üzvləri çalışır, fəaliyyət göstərir, bundan sonra daha güclü olacağına da heç kimin şübhəsi olmasın!”