|
Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü razılaşdırılıb.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Minskdə Qazaxıstan prezidenti Nursultan Nazarbayev bəyan edib. Onun sözlərinə görə, Ermənistanın üzvlüyünə dair bütün hüquqi və iqtisadi məsələlər razılaşdırılıb.
“Eyni zamanda bizim Ermənistanın hansı sərhədlər daxilində qoşulduğuna dair verdiyimiz həssas sual ətrafında kompromis əldə etmək mümkün olub” - deyə Nazarbayev bildirib.
Qazaxıstan prezidenti əlavə edib ki, onun ölkəsi Ermənistanın Avrasiya İqtisadi İttifaqına üzvlüyü üçün maneə yoxdur.
Xatırladaq ki, bu ilin may ayında Astanada Avrasiya İttifaqı təsis olunarkən Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevin məktubunu elan etmişdi. Nazarbayev bildirmişdi ki, Azərbaycan prezidenti Ermənistanın ittifaqa üzvlüyünün ancaq indiki sərhədlər daxilində mümkün ola biləcəyini və bunun nəzərə alınmasının vacibliyini bildirir.
Nazarbayevin bu bəyanatından sonra Serj Sərkisyan möhkəm pərt olmuşdu. İndi belə məlum olur ki, Sərkisyan Azərbaycan prezidentinin məktubunda vurğulanan şərtlə razılaşıb, nəticədə Nazarbayev Ermənistanın üzvlüyünə yaşıl işıq yandırıb.