|
Dağıstan Muxtar Respublikası Dərbənd Rayon İcra Hakimiyyətinin azərbaycanlı başçısı Qurban Qurbanov saxlanılıb.
Teleqraf.az publika.az saytına istinadən məlumat verir ki, icra başçısı vəzifə səlahiyyətlərini aşmaqda ittiham olunur. İddia olunur ki, Q.Qurbanov 2009-2013-cü illər ərzində dövlətin balansında olan 58 hektar torpaq sahəsini qeyri-qanuni olaraq vətəndaşlara icarəyə verib. Qeyd edək ki, Q.Qurbanovun saxlanılması gözlənilən idi. Belə ki, bu il iyulun 23-də Dağıstan rəhbəri Ramazan Abdulatipov dövlət televiziyası ilə çıxış edərək Qurban Qurbanovu istefaya çağırmışdı. Buna etiraz olaraq 1000-ə yaxın azərbaycanlı icra hakimiyyəti binasının qarşısına toplaşaraq etiraz aksiyası keçirmişdi. Q.Qurbanov “mənə 47 min insan səs verib, mənim istefa vermək fikrim yoxdur”, - deyə cavab vermişdi.
Ardınca avqustun 8-də Dağıstan Daxili İşlər Nazirliyinin İqtisadi Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin maskalı əməkdaşları Dərbənd Rayon İcra Hakimiyyətinin binasına basqın etdi. Əməliyyat zamanı son 7 ilin bütün sənədləri müsadirə edildi. Avqustun 11-də isə Dağıstan Hesablama Palatası icra hakimiyyətinə gələrək Qurban Qurbanovun fəaliyyətini araşdırmağa başladı.