|
Sovet vaxtının məşhur dissidentinə hücum olub
Sentyabrın 24-də saat 15 radələrində QAT-ın Ağsaqqallar Şurasının üzvü, tanınmış dissident Nadir Ağayev Binəqədi rayonunda yaşadığı evin blokunda naməlum şəxslərin hücumuna məruz qalıb.
Bu barədə “Musavat.com”-a məlumat verən QAT sədri Akif Nağının sözlərinə görə, N.Ağayevə başının sağ hissəsindən küt dəmir alətlə ağır zərbə vurulub: “Güman olunur ki, bu, beşbarmaq olub. Nadir Ağayev huşunu itirib yıxılarkən divara dəyib. Bu zaman başnın sol hissəsi də yaralanıb, qulağı cırılıb”. A.Nağı deyir ki, hadisə yerinə dərhal təcili yardımın həkimləri gəlib və onu xəstəxanaya aparıblar. N.Ağayevin başına 9 yerdən tikiş qoyulandan sonra ambulator müalicə üçün evinə buraxılıb.
QAT sədrinin sözlərinə görə, Binəqədi Polis İdarəsində hadisə ilə bağlı cinayət işi açılıb. İlkin olarq N.Ağayevdən zərərçəkən kimi izahat alınıb.
A.Nağı dedi ki, N.Ağayev hadisədən az əvvəl QAT-ın ofisində olub. Deyib ki, gedib evə çörək alandan sonra yenidən qayıdacaq. 2 saat sonra onun gəlmədiyini görüb zəng ediblər və məlum olub ki, hadisə baş verib.
A.Nağı bildirdi ki, şahidlərin dediyinə görə, hadisəni 3 nəfər törədib, 2 nəfər kənarda gözləyib, bir nəfər isə onu blokda gözləyib: “Polislər kameralara baxdıqlarını deyib və az vaxtda cinayətkarları tapacaqlarına söz verib.
QAT-ın hadisə ilə bağlı yaydığı bəyanatda göstərilir ki, sovet dövründə olmazın əzablar çəkmiş ahıl bir insane qarşı bu hərəkət vəhşilikdir: “Hesab edirik ki, bu hadisə onun ictimai fəliuyyəti ilə bağlıdır və cinayəti törədənlər dərhal tapılıb cəzalandırılmalıdır”.
Mövzuya qayıdacağıq.