|
Xəbər verildiyi kimi, ötən gecə Bakı-Şamaxı yolunda baş verən ağır avtomobil qəzasında dünyasını dəyişən 4 nəfərin hamısının şəxsiyyəti məlum olub.
APA-nın yerli bürosunun xəbərinə görə “Mercedes” və “KamAZ” markalı maşınların toqquşması nəticəsində “Mercedes”in sürücüsü, Şəki sakini, 1966-cı il təvəllüdlü İsmayılov Əlövsət Tahir oğlu, onun sərnişinləri - həmyerliləri, 1981-ci il təvəllüdlü Məmmədov Elçin Rasim oğlu, 1973-cü il təvəllüdlü Hüseynov Elşad Hikmət oğlu və 1986-cı il təvəllüdlü Abdürrəhmanlı Fuad Şahid oğlu qəzada aldıqları ağır xəsarətlərdən dünyalarını dəyişiblər.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən, cinayət işi açılıb, araşdırma aparılır.
Şamaxıda baş verən ağır yol qəzasında ölən şəxslərdən biri jurnalist olub.
Bu barədə APA-ya “Türküstan” qəzetinin baş redaktoru Aqil Camal məlumat verib.
A. Camal qeyd edib ki, ötən gecə Bakı-Şamaxı yolunda baş verən qəzada dünyasını dəyişən şəxslərdən biri Fuad Abdürrəhmanlı “Türküstan” qəzetinin saytında redaktor vəzifəsində çalışıb.
Mərhum bu gün Şəkidə dəfn ediləcək.