|
Nazirliyin yanında Akkreditasiya Agentliyinin yaradılması nəzərdə tutulur
2014-2015-ci tədris ilindən müəllimlik ixtisasına qəbul olunmuş tələbələr üçün xüsusi stimullaşdırma proqramı həyata keçirilib.
Təhsil Nazirliyindən Lent.az-a verilən məlumata görə, müəllimlik ixtisasını öz arzusu ilə seçən və yüksək balla qəbul olunan gənclərə xüsusi imtiyazlar tətbiq edilib.
İlk dəfə olaraq ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayan, birinci və ikinci sırada müəllimlik ixtisaslarını göstərərək qəbul olunan 300 nəfər tələbəyə hər ay 100 manat həcmində əlavə təqaüd müəyyənləşdirilib.
Yeni tədris ilindən ali təhsil müəssisələrində ilk dəfə olaraq SABAH qrupları fəaliyyətə başlayıb. Ölkənin ali təhsil müəssisələrinin ixtisaslar üzrə seçilmiş 738 ən yaxşı tələbəsi tədrisini yeni qruplarda davam etdirəcək. 2014-2015-ci tədris ilindən etibarən ali təhsilin bakalavriat səviyyəsində məzunun bilik, bacarıq və vərdişlərinə qoyulan kompetensiyaları özündə əks etdirən 138 ixtisas üzrə yeni nəsil təhsil proqramları və buna müvafiq hazırlanmış tədris planları tətbiq ediləcək. Müəllim hazırlığı aparılan ali təhsil müəssisələrində qoşa ixtisaslar (riyaziyyat və informatika, kimya və biologiya, tarix və coğrafiya) üzrə kadr hazırlığı 5 illik tədris planları əsasında aparılacaq.
Müvafiq qanunvericiliyə uyğun olaraq Təhsil Nazirliyi yanında Akkreditasiya Agentliyinin yaradılması nəzərdə tutulur. Agentlik təhsil müəssisələrinin akkreditasiyasını və təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi işini həyata keçirəcək. Bu tədris ilinin II semestrindən tələbələr üçün güzəştli təhsil krediti və qrantları layihəsinə başlanılması planlaşdırılır. Hazırda Təhsil Nazirliyində bununla bağlı iş başa çatmaq üzrədir.