|
Baş Prokurorluq Leyla Yunus və həyat yoldaşı Arif Yunusa sovqat aparması üçün ailənin yaxın dostu Azad İsazadənin müraciətini müsbət cavablandırıb.
Bu haqda "Azadlıq" radiosuna psixoloq Azad İsazadənin özü məlumat verib. Onun bildirdiyinə görə, artıq avqustun 22-də Arif Yunusun sovqatını çatdırıb:
«Onlara sovqat aparacaq qohumları olmadığından məktubla müraciət etmişdim ki, mənə icazə versinlər. Müraciətimə müsbət baxdılar. Prokurorluq bununla bağlı həm MTN təcridxanasına, həm də Kürdəxanı təcridxanasına məktub göndərib. Arif Yunusun sovqatını çatdırdım. Dərmanlarını da çatdırdım. Xüsusi siyahı var, ərzaqlar həmin siyahıya uyğun olmalıdır. Həftədə 1 dəfə, 5 kilo ərzaq buraxılır. Kitab və qələm də qəbul etdilər. Sabah Leyla xanıma sovqat aparacağam».
Leyla Yunus iyulun 30-da, Arif Yunus avqustun 4-də həbs olunub.
Leyla Yunusa dövlətə xəyanət maddəsi də daxil olmaqla 6 ittiham, Arif Yunusa qarşı isə 2 ittiham irəli sürülüb. Yunuslar ittihamları qəbul etmir, həbslərini hökumətin siyasətini tənqid edən fəaliyyətləri ilə əlaqələndirirlər.