|
Hüquq-mühafizə orqanları “Meydan” internet TV-də işləyən məşhur bloger və jurnalist Həbib Müntəzirin qohumlarına təzyiq göstərməyə başlayıblar.
“Dünən və bu gün mülki geyimli şəxslər qohumlarımın yanına gediblər və mənim prezidenti biabır etməyə son qoymağımı tələb edərək, təzyiq göstəriblər”, deyə Müntəzir Turan agentliyinə bildirib.
“Onlar qohumlarımı özləri ilə aparıblar və bir neçə saat naməlum yerdə saxlayıb təzyiq göstərərək, mənim dövlət başçısını tənqid etməyə son qoymağımı tələb ediblər.
Bu gün iki əmimi aparıblar və hələ də buraxmayıblar. Bu zaman özlərini təqdim etməyən hüquq mühafizəçiləri bütün qohumlarımın koordinatlarını və məlumatlarını siyahıya alıblar”, deyə bloger bildirib.
Müntəzir əmindir ki, bu təzyiqin səbəbi onun bir neçə gün əvvəl Berlində İlham Əliyevlə görüşü keçirilən Almaniya kansleri Angela Merkelin ofisi qarşısında keçirdiyi aksiyadır.
Əliyev binadan çıxarkən Müntəzir bir neçə dəfə Azərbaycanda siyasi məhbusları azad etmək tələbi ilə şüarlar səsləndirib. (Turan)