|
Səudiyyə bildirir ki, iranlıların Həcc ziyarətindən məhrum edilməsinə görə bütün məsuliyyət Tehranın üzərinə düşür
İran bildirib ki, bu il ölkə vətəndaşları Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına getməyəcəklər.
Müxbirlər yazırlar ki, ötənilki Həcc ziyarətində 2426 nəfərin həlak olduğu fəlakət baş verdikdən sonra iki ölkə arasında gərginlik qalxan xətt üzrə inkişaf edir.
Səudiyyə Ərəbistanı İranın bu qərarını pisləyərək Tehranın mövqeyini siyasi motivli adlandırıb.
İran isə iddia edir ki, ötən sentyabrda Mina ərazisində baş vermiş ölümcül basabas Səudiyyə hökumətinin “səriştəsizliyindən” yaranıb. Tehran hadisə zamanı 464 İran zəvvarının öldüyünü bildirir.
İranın mədəniyyət və islami irşad naziri Ali Jannati deyib ki, Səudiyyə tərəfi ilə aylardır davam edən danışıqlardan məqsəd zəvvarların təhlükəsizliyinə tam zəmanətin əldə edilməsi idi. Nazirin sözlərinə görə, Səudiyyə tərəfindən belə bir zəmanət verilməyib.
Nazir deyib ki, “biz əlimizdən gələn nə vardısa etdik, lakin səudlar razılaşmanı pozdular”.
Lakin Jannati-nin qeydlərini yayan İRNA agentliyi bidlirib ki, “ilkin qərar artıq verilib”. Müxbirlər bunu Həcc ziyarəti barədə son qərarın hələ verilmədiyi kimi də yozurlar.
Şiə ayinləri
Saudi Press agentliyinin verdiyi məlumata görə, Riyad fikir ixtilafına görə İranı ittiham edir və bildirir ki, ölkə, milliyyətindən asılı olmayaraq bütün dünya müsəlmanlarını müqəddəs Məkkə və Mədinədə qonaqlamağa hazırdır.
Səudiyyə Ərəbistanının Həcc Nazirliyi bunu da əlavə edib ki, hətta Tehranla diplomatik əlaqələrin kəsilməsinə baxmayaraq danışqılar üçün İran rəsmilərinə vizalar da verilib.
Tehran Mina basabası zamanı 464 İran zəvvarının öldüyünü bildirir
Nazirliyin məlumatına görə, Tehran Həcc ziyarəti üçün vizaların İranda verilməsini tələb edir.
Tehran habelə Həcc ziyarəti zamanı hava nəqliyyatının hər iki ölkədən olmasını istəyir.
İranın tələblərindən biri də Həcc ziyarəti zamanı iranlılara şiə ayinlərinin icrası üçün icazə verilməsidir.
Sünni Səudiyyə isə cavab olaraq bildirir ki, iranlılar Tehranda səfirlyin olmamasına baxmayaraq vizaları internet vasitəsilə də əldə edə bilərlər, lakin İranın milli hava şirkətinin Həcc daşımalarında işrtirak etmədsi “qarşılıqlı razılaşdırılmış beynəlxalq təcrübəyə ziddir”. Şiə ayinlərinə gəlincə isə, bunların icra edilməsi başqa müsəlmanların Həcc ziyarəti üçün əngəllər yarada bilər.
Səudiyyə bildirir ki, iranlıların Həcc ziyarətindən məhrum edilməsinə görə bütün məsuliyyət Tehranın üzərinə düşür.
İki ölkə arasındakı rəqabət yanvar ayında Səudiyyədə şiə ruhani Nimr al-Nimr-in edamından sonra açıq düşmənçiliyə çevrilmiş, Tehrandakı Səudiyyə səfirliyi yandırılmış, iki ölkə arasında diplomatik münasibətlər kəsilmişdi.
Bundan başqa Suriya və Yəmən müharibəsində iki ölkə bir-birinə düşmən cəbhəni dəstəkləyir.
Ötən fevral ayından bəri iki ölkə arasında diplomatik vasitəçilyi İsveçrə səfirlikləri icra edir.
Jannati deyib ki, Səudiyyə Həcc üçün vizaların İsveçrə səfirliyindən alınmasına icazə verməyib.