|
Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Təcridxanasında saxlanan Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, ömürlük məhbus Hacı Məmmədovun səhhətində problem yaranıb.
Teleqraf.az xəbər verir ki, bu barədə onun vəkili Afət Qazıyeva məlumat verib.
Vəkil Trend-ə bildirib ki, H. Məmmədov səhhətində yaranan problemlə bağlı Penitensiar Xidmətin Binə qəsəbəsindəki İxtisaslaşdırılmış Müalicə Müəssisəsinə köçürülüb. Hazırda H. Məmmədov orada həkim nəzarətində saxlanır:
«Səhhətində problemlər yarandığından onu müalicə müəssisəsinə köçürüblər. Hazırda Hacı Məmmədov oradadır. Əlavə məlumat verə bilmərəm».
Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi «Qara kəmər» əməliyyatı nəticəsində həbs ediliblər. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılıb.
Hacı Məmmədov mart ayında DTX təcridxanasından cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciət etmişdi. Həmin müraciətə, hələlik, cavab verilmədiyi bildirilir.