|
Aprelin 26-sı axşam saatlarından başlayaraq gecəyədək erməni silahlı bölmələri tərəfindən Tərtər rayonu ərazisində yerləşən yaşayış məntəqələri və mövqelərimiz 82 və 120 millimetrlik minaatanlardan, həmçinin 122 millimetrlik D-30, 152 millimetrlik D-20 haubitsalarından və BM-21 yayılım atəşli reaktiv sistemlərdən atəşə tutulub.
Teleqraf.az xəbər verir ki, Müdafiə Nazirliyinin yaydığı xəbərə görə, Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin ancaq hərbi obyektlərinə adekvat cavab zərbələri endirib. Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində baş verən hadisələrə görə məsuliyyəti Ermənistanın kriminal hərbi-siyasi rəhbərliyi daşıyır
Erməni silahlı bölmələri həmçinin cəbhənin müxtəlif istiqamətlərində 82 və 120 millimetrlik minaatanlardan, iriçaplı pulemyotlardan, həmçinin artilleriya qurğularından da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 120 dəfə pozub.
Ermənistan Respublikası İcevan rayonunun Paravakar, Berkaber kəndlərində və adsız yüksəkliklərdə, Noyemberyan rayonunun Dovex kəndində yerləşən mövqelərdən Ağstafa rayonunun Köhnəqışlaq, Qazax rayonunun Qızılhacılı, Kəmərli kəndlərində və adsız yüksəkliklərdə, Berd rayonunun Mosesqex, Çinari kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli, Ağbulaq kəndlərində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun Çiləbürt, Yarımca, Ağdam rayonunun Şıxlar, Baş Qərvənd, Kəngərli, Novruzlu, Mərzili, Qaraqaşlı, Yusifcanlı, Nəmirli, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Qorqan, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.
Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə uyğun olaraq düşmənin mövqeləri və səngərlərinə 121 dəfə atəş zərbəsi endirib.