|
“Mən nə sünniyəm, nə də şiə! İslam dünyası üçün ən böyük fitnə və günah məzhəbçilikdir".
Modern.az-ın Türkiyə KİV-nə istinadən verdiyi xəbərə görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısındakı çıxışında bildirib.
Türkiyə dövlət başçısı bildirib:
“Bizim dinimiz sülh dinidir. Allah ədaləti, doğruluğu, barışı buyurur, kirli və çirkin işləri qadağan edir. Bizlər müsəlman və İslam ölkələri olaraq, sıxıntıya məruz qalanlara yardım etməli, bölücü deyil, birləşdirici olmalıyıq. Düşmənçiliklərdən uzaq olmalıyıq, çünki bütün münaqişələrdən ən çox zərər görən İslam ölkələridir".
Ərdoğan Suriya və İraqda fəaliyyət göstərən PKK və PYD kimi terror təşkilatların İslam dünyasına ziyan vurduğunu söyləyib:
"Avropa Brüsseldəki terrordan danışır, ancaq Ankara, İstanbul, Lahordakı terrorlardan söz belə, açmırlar. Bu, ikili yanaşmadır. Buradan beynəlxalq ictimaiyyəti terrorçu qruplaşamalara yanaşmasını dəyişməyə, onlara maddi və silah yardımını dayandırmağa çağrıram. İslama qarşı olan terrorla mübarizəni özümüz aparmalıyıq.
Xarici müdaxiləyə arxayın olmamalıyıq. Onlar da oralardakı neft üçün müdaxilə edirlər. Öz dövlətlərində haqsızlığa uğrayan müsəlmanlar Qərb dövlətlərinə getməyə başlayır. Oralarda isə islamofobiya ilə üzləşirlər".
Ərdoğan BMT Təhlükəsizlik Şurasının daimi üzvləri arasında bir müsəlman dövlətinin olmadığını xüsusi vurğulayıb:
"Dünya beşdən böyükdür. Bu təşkilatın islahata ehtiyacı var. Ağlamayan körpəyə süd verilməz. Biz də öz haqqımızı tələb etməliyik. Qardaşlığı bütün sahələrdə həyata keçirməliyik".
Türkiyə prezidenti müsəlman qadınların öz problemlərini müzakirə etməsi üçün "Qadın konfransı"nın keçirilməsi təklifini də irəli sürüb.
Qeyd edək ki, İstanbulda İslam Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısı hal-hazırda davam edir.