|
“Yeni Müsavat” qəzetinin əməkdaşı və kanal “13.Tv” nin aparıcısı olan tanınmış jurnalist Röya Rəfiyeva “Akkord” Şirkətlər Qrupunu məhkəməyə verib. Bu barədə özünün Feysbuk səhifəsində məlumat verən jurnalist bunları yazıb:
“Deməli, belə... İki il əvvəl ev aldığım "Akkord" şirkətini məhkəməyə verdim. 2014-cü ilin fevralında aldığım mənzildə çox sayda və ciddi problemlər yaranıb. Dəfələrlə şirkət rəhbərliyinə bu barədə məlumat vermişəm, heç bir nəticəsi olmayıb, problemlər aradan qaldırılmayıb. 2014-cü ildə binaya qaz çəkiləcəyi bildirilsə də, hələ də evi elektrikin hesabına qızdırmaqdayam və işıq pulu büdcəmi sökür. Mənzil çox keyfiyyətsizdir, bunları detallı halda dəfələrlə şirkətə bildirsəm də, qulaqardına vurulub. Ötən ilin sentyabrında isə mətbəx mebeli divardan qopub və nəticədə ev əşyalarım sıradan çıxıb. Həmçinin sonradan bir neçə vəkilə bağladığımız müqaviləni göstərmişəm, alıcının xeyrinə bir bənd belə yoxdur. Bu, azmış kimi, şirkət mənə sonradan məcburi olaraq bankla müqavilə bağladıb və burada da çoxsaylı problemlər var... Saymaqla bitmir ki... Beləliklə, bir-bir məhkəməyə verməyi qərara aldım. Əvvəlcə mənzillə bağlı sənədlərimi tələb edirəm. İşə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsində baxılacaq. Vəkilim isə güvəndiyim hüquqşünas Əkrəm Həsənovdur. Sonra da yavaş-yavaş başqa problemləri mübahisələndirəcəm. Bu işdən sonra "Akkord"la bağlı bir neçə tələb üzrə məhkəməyə müraciət etməyi düşünürəm. Daha sonra da bankı məhkəməyə verəcəm.”