|
Baş prokuror Zakir Qaralov Hüquq Maarifçiliyi Cəmiyyətinin həbsdə olan sədri İntiqam Əliyevə təyin olunan cəzanın ağır olmasına dair əlavə kassasiya protesti ilə Ali Məhkəməyə müraciət edib.
Bu barədə APA-ya məlumat verən vəkil Cavad Cavadov bildirib ki, kassasiya protestinə martın 28-də baxılacaq.
Qeyd edək ki, İntiqam Əliyev Cinayət Məcəlləsinin 213.1-ci (vergidən yayınma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 192.2-ci (qanunsuz sahibkarlıq) və 179.3.2-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə təqsirli bilinir.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İntiqam Əliyev 3 il hər hansı vəzifə tutmaq hüququndan məhrum edilməklə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib. Bundan sonra İ. Əliyev kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Hazırda məhkəmədə onun şikayətinə baxılır.