|
“Ekologiya və Yaşam Tərzi” İctimai Birliyi təsis edərək dövlət qeydiyyatı üçün Ədliyyə Nazirliyinə müraciət edən Azərbaycan Resbublikasının vətəndaşı Şaban Nəsirov və Yalçın Abbaslı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə açıq məktubla müraciət edib.
Teleqraf.az Cebhe.info-ya istinadən xəbər verir ki, Şaban Nəsirov ölkə başçısına yazdığı məktubda Abbaslı Yalçınla birlikdə 10 aprel 2012-ci ildə İctimai Birlik təsis edib, təşkilatın Nizamnaməsi Umimi Yığıncaqda təsdiq edildikdən sonra Ədliyyə Nazirliyinə müraciət etdiyini bildirib:
"Mən birliyin sədri və hüquqi təmsilçisi seçildim (bütün sənədlər qanunveriliciyə uyğun olaraq notarial qaydada təsdiq olunub). Bundan sonra Birliyin lazım olan bütün sənədləri toplanaraq qeydiyyat üçün Ədliyyə Nazirliyinə təqdim edildi. Həmin müraciətə cavab olaraq Nazirlik 29 may 2012-ci ildə bizə məktub ünvanlayaraq Birliyi qeydiyyata almaqdan imtina etdi. Biz onların Nizamnamə ilə bağlı iradlarını ümumi yığıncaqda həll edib yenidən ƏN-ə müraciət etdik. Bu minvalla 4 il ərzində 7 dəfə imtina cavabı aldıq : 7 Avqust 2012-ci , 15 Oktyabr 2012-ci, 6 mart 2013-cü, 5 avqust 2013-cü, 11 iyun 2015-ci, 19 avqust 2015-ci ildə .
19 avqust 2015-ci ildə Ədliyyə Nazirliyindən göndərilən imtina məktubunda “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 19.03.2012-ci il tarixli 2 Nömrəli qərarı ilə təsdiq edilmiş “Qeyri-Kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatının aparılması Qaydaları”-nın 2.5-ci bəndinin 8-ci yarımbəndinə zidd olaraq qeyri-kommersiya qurumunun yerləşdiyi yerə dair təsisçinin qərarı təqdim edilməmişdir. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlər reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.3.1 – ci maddəsinə əsasən sənədlər geri qaytarılır”,- deyə qeyd olunub.
Şaban Nəsirov müraciətində ölkə rəhbərinə üz tutaraq yazır:
"İctimai Birliyi qeydiyyat məsələsinin həlli üçün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev cənablarından da müraciət etmişik. Sizin elektron ünvanınıza da iki dəfə şikayət məktubu yazmışıq.
Cənab Prezdent, Sizin çıxışlarınızdan ictimai təşkilatların fəaliyyətini dəstəklədiyiniz məlum olur. Ümid edirik ki, Sizə müraciətimizin Bakı Apellesiya Məhkəməsinin martın 15-də keçiriləcək iclasında verəcəyi qərarına böyük təsiri olacaq".