|
Həbsdəki generalın adından istifadə edib iş adamlarını necə aldadıblar?
Keşlə Yük Stansiyasında taxta biznesi ilə məşğul olan iş adamları vaxtilə ərazidə özünü biznesmen, MTN-də yüksək çinli qohumları olan şəxs kimi tanıdan Qədim Ədilovu axtarırlar. Q.Ədilov bir çoxlarından pul alıb və “sizə vaqonla taxta gətirəcəyəm” deyib. Amma vədini tutmayıb.
Onun şəriki olmuş Rövşən Məhərrəmovun dediklərini diqqətinizə çatdırmazdan əvvəl qeyd edək ki, bir müddət əvvəl Q.Ədilov mətbuatda çıxış edərək özünü zərərçəkən kimi tanıtmağa cəhd edib. Deyib ki, MTN-ə aparılıb, şəxsən Akif Çovdarov tərəfindən döyülüb, ondan böyük məbləğdə pulları alınıb. Şərikləri isə onun dediklərinin doğruluğuna şübhə edirlər.
Bir müddət əvvəl “Yeni Müsavat”a müraciət edən Xaləddin Yusibov demişdi ki, Qədim Ədilov təkcə ondan taxta biznesinə görə 126 min 700 dollar və 50 min manat alıb. Əvəzində ölkəyə vaqonla taxta gətiriləcəyini, hər vaqona görə ona 2 min manat gəlir verəcəyini deyib. “Akif Çovdarovla bağlı yeni qalmaqal ortaya çıxdı” sərlövhəsi ilə geniş yazı dərc etdiyimizdən onun digər şəriki Rövşən Akif oğlu Məhərrəmovun dediklərini də diqqətinizə çatdırırıq: “Bu yaxınlarda saytlarda Qədim Ədilovun müsahibəsini oxudum. Başdan-ayağa yalan danışırdı. Barəsində Nərimanov Polis İdarəsinə şikayət etmişəm. Qədim Ədilov mənim kimi bir çox iş adamını aldadıb”.
R.Məhərrəmov deyir ki, Q.Ədilovla 2014-cü ilin yanvarında Atatürk prospektindəki “Bank of Baku” filialının qarşısında adını çəkmək istəmədiyi bir şəxs vasitəsi ilə tanış olublar: “Həmin vaxt özünü ”Azərağa" firmasının rəhbəri kimi təqdim etdi. Bizi tanış edən yoldaş dedi ki, onunla işləyə, onun firması vasitəsi ilə Rusiyadan taxta-şalban gətizdirə bilərsiz. İlk olaraq “Ross” firması ilə müqavilə bağladıq. Cəmi 1 vaqon taxta gəldi. Lakin taxtanın keyfiyyəti bizi qane etmədi. Bundan sonra İrkutskdakı “Barquzin” firması ilə müqavilə bağladıq. Pul köçürmələri etdik, işləməyə başladıq. 2014-cü ilin yayına qədər beləcə işlədik. Biznesi böyütmək üçün Krasnoyarskdakı “Wood locistik” firması ilə də müqavilə bağladıq. Ümumilikdə hər dəfə bizə 6-7 vaqon taxta gəlirdi. Həmin vaxt mən “Azərağa” firmasının 50 faiz payla həmtəsisçisi oldum".
R.Məhərrəmov deyir ki, işgüzar münasibətlər sonradan dostluq münasibətlərinə çevrilib: “İnamımı qazanmışdı, ona 100 faiz etibar edirdim. Taxta gəlirdi, satırdıq, topladığımız pulları Qədim Ədilova verirdik ki, köçürmə etsin. 2014-cü ilin iyununda Qədim Ədilova vaqonlar tək-tük gəlməyə başlamışdı. Hər dəqiqə yanımda danışıqlar aparırdı. Guya ona Serovdan 5 vaqon taxta gələcəkdi. Elə danışırdı ki, guya Serovda meşə alıb, orada taxta emalı sexi var. Buna inanmışdım. Mənim kimi inananlar da çox idi. Keşlə Yük Stansiyasında mənim kimi iş adamlarının bir çoxunu da inandıra bilmişdi. Guya pulu yığa bilmirdi deyə vaqonlar da gəlmirdi”.
R.Məhərrəmov Q.Ədilovun dediklərinin doğru olmadığını sonradan başa düşüb: “Ona dedim ki, sən vaqonlarını mənə ver, mən satım və köçürmələri dərhal edim, sən 15-20 gün gözləmə. Razılaşmadı. Avqustun axırında başa düşdüm ki, dələduzluq edir. Çünki mənim vaqonum ”Azərağa" firmasına gəlirdi. Yük stansiyasında 4-5 nəfər iş adamı ayrı-ayrılıqda yaxınlaşırdı ki, Qədim məndən bu vaqona görə pul alıb, vaqonu mənə söz verib.
Başa düşdüm ki, adamları da, məni də aldadır. Hamı bir yerə toplaşdı. Sonuncu dəfə mənim 3 vaqon taxtam gəlmişdi. Taxtanı satanda söhbətlər açıldı. Məlum oldu ki, ona vaqon gəlməyəcək. Mənim vaqonlarımı ona-buna söz verib. Amma bu da Qədimin yalanlarının qarşısını almadı. Adamları ayrı-ayrılıqda yenə də aldadıb vaqonlarının gələcəyinə inandıra bildi. Deyirdi ki, taxta ilə yanaşı armatur da gəlir. Adamları uzaqlaşdırdı. Mənim sonuncu dəfə 110 min 767 dollarlıq 3 taxta dolu vaqonum gəlmişdi. 3-nü də Qədimə verdim. Bu günə qədər vaqonları pulundan 1 dollar da olsun qaytarmayıb.
Firmanın rəhbəri o idi deyə, köçürmələri də o edirdi. Sonuncu dəfə məndən 50 min dollar da alıb. Həmin pulu dedi ki, pulu köçürmək istəyib, guya banka borcu olduğuna görə bank borca silib. Araşdırdıq, məlum oldu ki, banka-filana borcu olmayıb. Bu da növbəti yalan olub".
R.Məhərrəmov deyir ki, Q.Ədilov hazırda Bakıda olsa da, barəsində tədbir görülmür: “Mənə deyirdi ki, MTN-də yaxın adamım var. 2 nəfərdən pulumu ala bilmirəm. MTN-dəki yaxın adamımdan xahiş etmişəm ki, pulumu onlardan alsınlar. Amma sonradan onun özünü MTN-ə apardılar. Onu ora aparanda Xaləddin görmüşdü. Ona demişdi ki, MTN-dən çıxandan sonra səninlə əlaqə saxlayacağam. Oradan çıxandan sonra Xaləddinlə ”Lalə" kafesində nahar ediblər. Orada Xaləddinə deyib ki, MTN-də dələduzluq etdiyini ona deyiblər. Bildiriblər ki, get camaatın pulunu qaytar. Biz bu gün də ondan pulumuzu ala bilmirik. Biz hökumətimizdən xahiş edirik ki, bu dələduzun qarşısı alınsın. Bu adam normal, qabiliyyətli iş adamlarının içinə düşüb müflis edir".