|
Tanınmış gitara ifaçısı Azər Zakiroğlu TURKUSTAN.info saytının suallarını cavablandırıb.
- Azər, əvvəlcə özün haqqında danışaq.
- Mən 1982-ci ildə Kəlbəcər rayonunda doğulub boya-başa çatmışam. 1993-cü ilin aprelində erməni qəsbikarlarının torpağımızı isğal etməsi nəticəsində oz dogma elimizdən məcburi köçkün düşmüşük. Ela o vaxtdan Gəncə şəhərində məskunlaşmışıq.
- Bu sənətə necə gəlmisən? Evinizdə, nəslinizdə musiqiçi olubmu?
- Bu sənətə gəlməyimə səbəb ailəmizdə musiqiyə çox böyuk dəyər verilməsi olub. Atam ixtisasca musqiçi olmasa da, sazda çox gözəl ifa edir. Gözümü açandan evimizdə saz səsi eşitmişəm. Özum də sazı çox sevməyimə baxmayaraq gitara alətini seçdim. Ancaq repertuarımda əksəriyyəti aşıq musiqiləridir.
- Gitara ustalarımız çoxdu. Sən onlardan hansının üslubunu bəyənirsən? Özünü onlardan hansına yaxın sayırsan?
- Düzdür, dogrudan çox gözəl gitara ifaçılarımız, gözəl sənətkarlarımız var. Mən onların bir çoxunu dinləmişəm. Ancaq elə bu gitara alətini məni sevdirən, özümə ustad secdiyim gözel gitara ifaçısı Rəhman Məmmmədli olub və hal-hazırda Rəhman sənətini davam etdirməyi, bu yolu secməyi özumə fəxr bilirəm.
- Sənin üçün gitarada zirvə kimdir?
- Gitaranı bizim milli musiqilərimizə, xalq çalğı alətlərinə gətirən, sevdirən və bu yolda böyük xidməti olan Rəmisin adını mən xüsusi qeyd etmək istəyirəm. Elman Namazoğlu, Rafiq Bərdəli kimi bir çox gitara ifaçılarımız hərəsi öz yollarında bu sənətin zirvələridirlər. Ancaq əsl xalq musiqisi janirinda oz dest-xetti olan Rəhman Məmmədli mənum üçün sənət zirvəsində olan sənətkardır.
- Bir zamanlar deyirdilər ki, Rəmiş hansısa təsiredici vasitələrin hesabına elə gözəl sənət ortaya qoya bilir. Ümumiyyətlə, bir çox sənətkarlar haqqında belə fikirlər səsləndirilib. Necə bilirsən, fərqli, seçilən bir sənəti ortaya qoymaq üçün mütləq "o zəhrimar"dan olmalıdırmı?
- Xeyir! Diqqətinizə çatdırım ki, belə psixotrop vasitələrin sənət yaradıcılığında yüksək məqama çatmaqda heç bir aidiyyatı və təsiri yoxdur. Bu sadəcə, kimlərinsə sənətdən kənar məşğuliyyəti və meyilliliyi ola bilər. Sənətə sevgi insanın qəlbində və ruhunda olmalıdır. Dediyiniz kimi, keçmişdə Rəmişin və bəzi sənətçilərimizin “o zəhrimar” dediyiniz vasitələrdən istifadə etməsinə heç də yaxşı baxmıram. Çünki, sənətə dəxli yoxdu.
- Bir sıra sənətçilərlə duet ortağı olursan. Daha çox kiminlə tutur? Aşıq Mehdi ilə duetiniz mən bilən daha çox rəğbət qazanıb?
- Düzdür, Aşıq Mehdi dövrümüzdə ən sevdiyim asıqlardandır. Onun səsində olan Kəlbəcər həsrəti, Vətən yangısı duet ifamız zamanı mənə daha çox ruh verir... Və el şənliklərində, toy-düyündə Mehdi ilə birlikdə olan ifalarımız musiqisevər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanır.
- Son illərdə artıq ölkədən kənara da çağırışlara, toy şənliklərinə gedirsən. Amma nədənsə səni Azərbaycan şou-biznesində görə bilmirk. Özün istəmirsən, yoxsa,...
- Düzdür, şou-biznesə əksər sənətkarlarımızın meyli çoxdur. Ancaq mən sənətimlə xalq arasında qiymət alıb sevilməyi şou-biznes meydanında sevilməkdən daha üstün tuturam.
- Sənin dəst-xəttində hər zaman bir yurd yanğısı hiss olunur. Bu hissin sənətində nə kimi yeri var? Kəlbəcərdən çıxanda neçə yaşın vardı?
- Kəlbəcəri tərk edəndə mənim 10 yaşım vardı. Kəlbəcər yanğısı hər bir kəlbəcərli kimi mənim də yaralı yerimdir. Və qeyd edim ki, gözəl musiqi ab-havasına qapanan zaman ruhən də olsa, özümü Kəlbəcərin şır-şır axan bulaqlarında, gül-çiçəkli yaylaqlarda hiss edirəm. Özümdən asılı olmayaraq siz dediyiniz kimi, bu yangili ifalarımın yaranmasına səbəb olur.
Sizə, TÜRKÜSTAN.info saytının kollektivinə mənim sənətimə göstərdiyiniz diqqətə görə təşəkkürümü bildirirəm.