|
«Azadlıq» qəzetinin qiyməti 60 qəpiyə qaldırıldı. Bu haqda qəzetin 5 yanvar sayında məlumat yerləşdirilib.
Qəzet qiymət artımına məcburiyyət qarşısında getdiyini bildirir, bunu ikinci devalvasiyadan sonrakı bahalaşmayla izah edir: «Yəni manatın qiymətdən düşməsi, kəskin bahalaşma qəzetin də xərclərini artırıb. Çap xərcləri, kağızın qiyməti təbii olaraq bahalaşır. Vəziyyətə uyğun addım atmağa məcburuq. Qəzetin qiymətini artırmaqdan başqa yolumuz yoxdur», - «Azadlıq» yazır.
Mətbu orqan hakimiyyətin «Azadlıq»ı susdurmaq üçün müxtəlif vasitələrdən istifadə etdiyini yazır: «Bunun nəticəsidir ki, KİV-ə Dövlət Dəstəyi Fondu «Azadlıq»ın layihələrini maliyyələşdirməkdən imtina edib, qəzetin yayımına süni əngəllər törədilir, rəhbəri YAP-çı deputat Mirkazım Kazımov olan, dövlətə aid yayım firması «Qasid» redaksiyanın köhnə məzənnə ilə 70 min manatını mənimsəyib, kollektivin yazarlarından biri şərlənərək həbs edilib, baş redaktoru və bəzi əməkdaşları mühacir həyatı yaşamağa məcbur olub və s. Qəzetin əməkdaşları 5 aydır əməkhaqqı almır».
Devalvasiyadan sonra başqa qəzetlər də qiymət artımını müzakirə etdiklərini bildirmişdilər. Ancaq onları qəti addım atmaqdan çəkindirən alıcıların sayının ildən-ilə azalması amilidir.