|
Rahib Məmmədovun yaxınları hadisənin gizlədilməsindən və meyitin axtarılmamasından şikayətlənirlər
Dekabrın 3-də Ceyranbatan su anbarında çalışan texniki işçi həyatını itirib. Rahib Məmmədov güclü külək nəticəsində suya düşüb və onu xilas etmək mümkün olmayıb.
Bu barədə musavat.com-a R.Məmmədovun yaxınları bildiriblər. Onların sözlərinə görə, ayın 3-də güclü külək nəticəsində iki işçi su anbarına düşüb. İşçilərdən biri xilas olsa da, R.Məmmədov boğularaq həlak olub.
“Bu günə qədər Rahib Məmmədovun meyidi tapılaraq, dəfn edilməyib. Onun boğularaq, həlak olması haqqında ailəsinə heç bir məlumat verilməyib. Rahib Məmmədovun evə gəlmədiyini görən həyat yoldaşı özü FHN-nin su anbarında olan mühafizə idarəsinə gedərək, Rahib Məmmədovun işdən çıxıb, evə gəlmədiyini bildirib. Bundan sonra idarədən ona həyat yoldaşının su anbarına düşərək, boğulduğunu və meyidini hələ də tapa bilmədiklərini deyiblər. Neçə gün hadisəni ailədən gizlədiblər. Artıq bir həftə vaxt keçməsinə baxmayaraq, onun meyiti hələ də tapılmayıb. Biz düşünürük ki, onu heç axtarmırlar. Bu, necə FHN-dir ki, işçisinin meyitini bir həftədir, adi su anbarından tapa bilmir? Ailə bununla bağlı dövlət başçısına müraciət etməyə hazırlaşır” - deyə mərhumun yaxınları bildiriblər.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
PS:Teleqraf.az-ın əldə etdiyi məlumata görə FHN-nin itkin düşən əməkdaşı əslən Ağsu rayonunun Muradlı kəndindəndir.