|
Beynəlxalq Bankın İdarə Heyətinin həbsdə olan sabiq rəhbəri Cahangir Hacıyev Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsini məhkəməyə verib.
Bu barədə APA-ya məlumat verən C. Hacıyevin vəkili Aqil Layıcov bildirib ki, C. Hacıyevin barəsində həbs qətimkan tədbirinin dekabrın 5-də seçilməsinə baxmayaraq o, hələ də Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır: “Qanunvericiliyə görə, barəsində həbs qətimkan tədbiri seçilmiş şəxs 24 saat ərzində istintaq təcridxanasına etap edilməlidir. Onun həmin idarədə saxlanılmasının qanunsuz hesab edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət etmişik”.
Vəkil C. Hacıyevin barəsində seçilmiş həbs qətimkan tədbiri haqqında Nərimanov rayon Məhkəməsinin 5 dekabr tarixli qərarından apellyasiya şikayəti verdikləri, şikayətə dekabrın 10-da Bakı Apellyasiya Məhkəməsində baxılacağını da deyib.
Qeyd edək ki, Nərimanov rayon Məhkəməsinin qərarı ilə C. Hacıyevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
C. Hacıyev Cinayət Məcəlləsinin 179.1 (Mənimsəmə və ya israf etmə, yəni təqsirkara etibar edilmiş özgə əmlakını talama) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham olunur.