|
Pentaqon isə hadisələri izləməklə kifayətlənir
“The Times” yazır ki, İŞİD-ə itaət edən 1600 döyüşçü Əfqanıstanın cənubundakı Cəlilabad şəhərinin 4 rayonunu ələ keçirib. Qeyd olunur ki, Əfqanıstanda da İŞİD döyüşçüləri İraq və Suriyada sınaqdan çıxmış üsuldan istifadə edirlər. Belə ki, onlar diqqət çəkmədən əraziyə axışır və az sonra orada öz hakimiyyətlərini elan edirlər.
Qəzet yazır ki, terrorçular son dərəcə amansız edamlar və işgəncələr həyata keçirməklə insanlar arasında xof yaradırlar. Əfqanıstan ordusu isə onlara qarşı acizlik nümayiş etdirir və çoxsaylı itkilər verərək geri çəkilir.
Əfqanıstandan Qərb ölkələrinin hərbi hissələrinin çıxması və “Taliban”ın da ciddi parçalanması İŞİD-ın güclənməsinə təkan verib.
“The Times” hesab edir ki, hazırda o qədər də diqqət çəkməyən Əfqanıstandakı İŞİD döyüşçüləri yaxın 3-5 ildə Qərb üçün ciddi problemə çevrilə bilər. Yerli İŞİD-in “Taliban”a nisbətdə daha çox vəsaitə malik olması da onların əhatə dairəsini sürətlə genişləndirir: “Keçmiş “Taliaban” üzvləri, çeçen və özbək əsilli terrorçular həvəslə İŞİD-ə qoşulurlar”.
Pentaqon rəsmiləri isə bildiriblər ki, onlar Əfqanıstanda baş verən hadisələri yaxından izləyirlər.