|
Milli Məclis bu məsələyə baxandan sonra yol polisi cərimələməyə başlayacaq.
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Dini qurumlar və ictimai birliklər komitələrinin birgə iclasında «Dini ekstremizmə qarşı mübarizə haqqında» qanun layihəsi və bununla əlaqədar «Polis haqqında», «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında», «Dini etiqad azadlığı haqqında» qanun layihələrinə, habelə İnzibati-Xətalar və Cinayət məcəllələrinə dəyişikliklər müzakirə olunub. Müzakirələr zamanı bir çox təkliflər səslənib, dini bayraqların asılma yerləri, dini tədbirlər, Aşura mərasimləri və başqa mövzülar müzakirə olunub. Lakin Avtosfer.az saytı bununla bağlı başqa bir məqama diqqət çəkərək bildirir ki, son illər Azərbaycanda bir çox nəqliyyat vasitələrinin üzərinə dini şüarlar yazılır. Ərəb əlifbası ilə yazıldığı üçün əksəriyyətini çoxları başa düşmür. Mümkündür ki, avtomobillərin üzərinə yazılan bu şüarlar arasında radikalimzə çağırışlar da olsun. Odur ki, günümüzün tələbinə uyğun olaraq avtomobillərin üzərinə belə şüarların yazılmasının da aradan qaldırılmasının vaxtı çatıb. Bəs görəsən, qanunvericilikdə bu məsələ ilə bağlı vəziyyət necədir? «Reklam haqqında» qanuna görə, avtomobillərin üzərinə hər hansı reklam xarakterli yazıların, lövhələrin vurulması müvafiq icra hakimiyfəti orqanı, yəni Dövlət Yol Polisi ilə razılaşdırılmalıdır. Lakin göründüyü kimi, burada söhbət yalnız reklamdan gedir. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Rafael Cəbrayılov Avtosfer.az-a bildirib ki, hazırda qüvvədə olan qanunvericiliyə əsaslanıb nəqliyyat vasitələrinin üzərinə dini şüarların, yazıların və şəkillərin vurulmasını qadağan etmək olar: «Yol polisi bu gün də belə avtomobilləri saxlayıb sürücünü cərimə edə bilər. Lakin bu məsələ ilə bağlı bir qədər də dəqiqləşdirmə aparmaq olar. Güman edirəm ki, bu həftə Milli Məclisin iclasında bu məsələlər bir qədər də dəqiqləşdiriləcək. Mən özüm belə bir təşəbbüslə çıxış edəcəm. Hesab edirəm ki, bu məsələ aktualdır və günümüzün tələblərinə uyğun deyil. Avtomobillərin üzərinə dini şüarların yazılmasına normal hal kimi yanaşmıram».
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev isə bildirdi ki, hazırda DYP əməkdaşları avtomobillərin üzərinə dini şüarlar yazan sürücüləri cərimə edə bilmir: «Amma Milli Məclisdə bununla bağlı hər hansı qanun qəbul edilərsə, sözsüz ki, Dövlət Yol Polisi onu icra edəcək. Bəli, həqiqətən də üzərində müxtəlif dini şüarlar, şəkillər olan avtomobillərə rast gəlinir. Qanunvericilik dəyişərsə, yol polisi həmin şüarlar yazılmıh avtomobillərin sürücülərini cərimə edə bilər».
Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov isə bildirdi ki, dini məzmunlu şüar və çağırışlar reklam sayılmır və bu səbəbdən avtomobilin üzərində belə yazı olan şəxsləri cərimələmək düzgün olmaz. Amma belə yazılar təkcə radikal çağırış məzmununa malik olmasına görə deyil, həm də digər sürücülərin diqqətini yayındıra bildiyinə görə təhlükəli sayıla bilər. Odur ki, bu məsələnin qanunvericilikdə dəqiq tənzimi yaxşı olardı.