|
Saytdan materialı yığışdırdılar, həmkarlardan da “yığışdırın” xahişi edildi; Mais Məmmədov: “2 saat saxladıq, bəsdir...”
“Delta Telekom”un baş direktoru Ramazan Vəliyevin ANS-ə müsahibəsi son günlərin ən səs-küylü hadisələrindən biri sayılır. Sözügedən müsahibədə R.Vəliyev iki həftə bundan öncə rəhbərlik etdiyi şirkətdə baş vermiş qəzadan və onun nəticəsində Azərbaycanın saatlarla internetsiz qalmasının səbəblərindən danışmışdı.
Maraqlıdır ki, müsahibənin videosu anspress.az saytında yayılsa da, bir gün sonra yığışdırılıb. Daha doğrusu, videonun özü silinib. Əldə etdiyimiz məlumatlara görə, videonun yayılmasından bir gün sonra, yəni bazar ertəsi ANS-in tanınmış simaları müxtəlif saytlara zəng edərək, onlardan həmin materialı saytlarından yığışdırmalarını dostcasına xahiş edib. Amma bu xahişin motivini açıqlamayıblar.
ANS prezidentinin müavini Mayis Məmmədov “Yeni Müsavat”a açıqlamasında bu səs-küylü materialın “itməkliyinə” aydınlıq gətirdi. Dedi ki, bu barədə sayta məsul şəxslərdən soruşub: “Mənə bildirildi ki, saytda material nə qədər qalar? Bazar günü veriliş yayımlanıb. İki saat saxlayıblar, sonra çıxarıblar”.
Müsahibimiz dedi ki, videonun tamamən silinməsi barədə məlumatı yoxdur: “Mənə, sadəcə, deyildi ki, saytı yeniləmişik”.
“Yeni Müsavat” isə xatırladır ki, ANS-in vitse-prezidenti Mirşahin Ağayevin götürdüyü müsahibə kifayət qədər ciddi nüanslarla yadda qalıb. R.Vəliyev öncə onu bildirib ki, yanğın baş verən otaqda təmir işləri gedir və orada yeni avadanlıqlar quraşdırılır. Otaqda dövlətə aid avadanlıqlar var və yüksək amperajlı kabellər yuxarı hissə ilə gedir. Onun sözlərindən belə məlum olub ki, yanğın hadisəsi yuxarı hissədə baş verməyib. Sadəcə olaraq, aşağıda baş verən yanğın yuxarı kabelləri zədələyib. Son 2 il ərzində orada heç bir dəyişiklik olmayıb. Yeganə dəyişiklik bu ilin mayında dövlət tərəfindən qoyulan bir avadanlıqdır.
Söhbət zamanı məlum olub ki, sözügedən avadanlıq konkret olaraq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən qoyulub: “Həmin avadanlıq yanğın olan zalda olub, hazırda o avadanlıqlar demontaj olunub, ondan sonra bizim anbarda yerləşdirilib. Yəqin ki, biz o avadanlıqları təhvil verəcəyik.
Demontaj edilib anbara qoyduğunuz bu avadanlıqlar təhlükəsizliyimizlə bağlı hansısa risklər yaradır? Tutaq ki, o avadanlıq var idi, vəziyyət başqa cür idi, indi o avadanlıq yoxdur, vəziyyət dəyişib. Əslində həmin avadanlıqlar təkcə ”Delta Telecom"da deyil, əməliyyat-axtarış fəaliyyəti ilə əlaqədar bütün rabitə operatorlarında quraşdırılıb".
Müsahibədə konkret MTN-ə aid detalların səslənməsi və bunun yaratdığı ajiotajın miqyası yetərincə böyük idi. Yayımdan cəmi 24 saat sonra süjetin tamamən silinməsi və həmkarlardan da bu materialı saytdan çıxarılmanın xahiş olunması ciddi mətləblərdən xəbər verir.
Hətta Multimedia Mərkəzinin rəhbəri Osman Gündüzün də bu olayla bağlı dəyərləndirməsi düşündürücü idi. O.Gündüz bu yanğının MTN-in məlum sistemi ilə bağlı olması ehtimalını da istisna etməmişdi: “Bu, MTN-in məlum sistemi ilə bağlıdırsa, onda digər operatorlarda, mobil operatorlarda, provayderlərdə olan MTN-ə məxsus bu tip sistemləri də monitorinq etmək doğru olardı”.
Bütün hallarda bu cür səs-küylü bir müsahibənin yayımı ciddi mətləblərdən xəbər verirdi. Yanğında MTN izi, bunun arxasında gizlənə biləcək mətləblər və bizi gözləyən təhlükələr... Əks halda, video saytdan yığışdırılmaz, materialı isə “iki saat saytda qaldı, bəsdir” məntiqi ilə silməzdilər.
musavat.com