|
Bağdadda şiə zəvvarlarına hücum olunub.
Teleqraf.az-ın ANS PRESS-ə istinadən məlumatına görə, hücüm nəticəsində 7 nəfər ölüb, daha 20 nəfər isə yaralanıb.
Ölənlərdən ikisi zabitdir. Partlayış oktyabrın 26-da Al Şaab rayonunda tərədilib. Ölümə gedən intiharçı özünü Aşura mərasimlərini qeyd edən şiə zəvvarların çadırında partlayıcı qurğunu partladıb.
Hücuma görə cavabdehliyi hələ ki, heç kim üzərinə götürməyib. Amma adətən son vaxtlar bu cür hücumların arxasında İŞİD terror qruplaşması durur. İŞİD-çilər vaxtaşırı təhlükəsizlik qüvvələrinə də hücum edir. Hazırda İraq və Suriyanın xeyli hissəsi İŞİD terror qruplaşmasının nəzarətindədir.
Keçən il Bağdadda zəvvarlara hücum nəticəsində 32 nəfər dünyasını dəyişmişdi. Partlayışlar Bağdadın üç müxtəlif bölgəsində həyata keçirilmişdi. Hücum zəvvarların istirahət üçün toplandığı yerə bomba quraşdırılmış avtobusun yaxınlaşarkən partlaması nəticəsində baş verib. Partlayışda 14 nəfər bombalı hücumun qurbanı olub. İkinci partlayış isə şəhərin qərb bölgəsində avomobillərdən birinə quraşdırılmış bombanın partlaması nəticəsində baş verib, 6 nəfər ölüb. Üçüncü bir partlayış Bağdadın şərqində həyata keçirilib, burada isə 12 nəfər dünyasını dəyişib.