Sinoptiklər 60 illik soyuq dövrün başlandığını xəbər verirlər. Publika.az Rusiya mediasına istinadən xəbər verir ki, Rusiya Elmlər Akademiyasının Tümen elmi cəmiyyətinin rəyasət heyətinin sədri, akademik Vladimir Melnikov iqlimin dövriliyi haqqında aparılan müşahidələrin “soyuq era”nın başlanmasından xəbər verdiyini deyib. “Müşahidələrimiz təsdiqləyir ki, Yer kürəsində yalnız qlobal istiləşmə deyil, həm də soyuqlaşma prosesləri gedir”, - rusiyalı alim vurğulayıb. Məlumata görə, soyuqlaşma dövrünün “qaranquş”u artıq Yamalda qeydə alınıb. Burada oktyabr ayında temperatur mənfi 18 dərəcədən də aşağı düşüb. Bütovlükdə Rusiyanı əvvəlki illərlə müqayisədə daha sərt qış gözləyir. Sərt qış dövrü hələ ötən ildən özünü göstərirdi. 2014-cü ildə Ural çayları son 20 il ərzində ilk dəfə dondu. Son 40 il ərzində ilk dəfə Maqnitorsda əsas qüllə saatları dondu. Soyuq qış dövrü xəbərdarlıqları yalnız Rusiya ilə bağlı deyil. ABŞ-ın Milli Okean və Atmosfer Agentliyi (NOAA) ən son 1997-1998-ci illərdə təsadüf edilən “Super Əl Nino”nun oxşarının qarşıdakı qış aylarında baş verəcəyini açıqlayıb. “Əl Nino” təbiət hadisəsi nəticəsində qarşıdakı illərin qış mövsümündə dünyanın şimal bölgələrində rekord səviyyədə qar yağacağı, xüsusən yanvar və fevral aylarında dondurucu soyuqların yaşanacağı təxmin edilir. “Əl Nino” son 30 ildə iki dəfə - 1982 və 1997-ci illərdə olmaqla özünün ən şaxtalı və təsirli dönəmini yaşadıb. İngilis meteorologiya mütəxəssisləri bu il ABŞ və Avropanın şimalında həddindən artıq şaxtalı soyuqların olacağını bildirib. ABŞ-ın cənubu və Cənubi Avropa ölkələri ilə aralarında Türkiyənin də yerləşdiyi Aralıq dənizi ölkələrində isə qışın daha ilıq olacağı, ancaq qasırğa, fırtına kimi təbiət hadisələrinin və sel fəlakətlərinin daha tez-tez baş verəcəyi gözlənilir. Ümumilikdə, qarşıdakı qışın son 10 ilin ən soyuq qışı olacağı bildirilir. Hələ 2010-cu ildə ingiltərəli alimlər dünyada "mini buz dövrü”nün başlanacağı iddiası ilə çıxış ediblər. Onların fikrincə, Avropanı və Şimal yarımkürəsini təsiri altına alan şaxtalı hava şəraitinin 20-30 il davam edəcək, bununla da “mini buz dövrü” yaşanacaq. Məlumata görə, tanınmış alim və BMT-nin hökumətlərarası İqlim Qurumunun (İPCC) üzvü professor Mojib Latif da Sakit okean və Atlantik okeandan götürülmüş suyun hərarətini tədqiq edəndən sonra eyni nəticəyə gəlib. Rusiya və Böyük Britaniyanın bir qrup alimi isə iddia edir ki, 15 ildən sonra Yer üzündə buzlaşma dövrü başlayacaq. Qlobal soyuqlaşmanın 2030-cu ildə başlanacağı gözlənilir. Nəticədə Temza çayı buzla örtüləcək. “Maunder Minimum” adı verilən “mini buzlaşma” dövrü günəşdə patlayışların ən az müşahidə edildiyi 1645-1715-ci illərə təsadüf etmişdi. Həmin dövrdə Avropa və Şimali Amerika ərazisində güclü şaxtalar qeydə alınmışdı. Ekspertlər əmindirlər ki, bu mərhələdə buzlaq kataklizminin təkrarlanması mümkündür, çünki planetimizin mövcudluğu tarixində qlobal istiləşmə və soyuqlaşma həmişə yerini dəyişir. Elm adamları günəşdəki aktivliyin 2030-2040-cı illərdə 60 faizə qədər azalacağını bildirirlər.