|
Hansı ölkəyə məxsus olduğu açıqlanmayan bombardmançıların Suriyanın Deyr əz-Zor əyalətində İŞİD mövqelərinə endirdiyi zərbələr zamanı Azərbaycandan olan ailə uşaqlarla birlikdə həlak olub.
Virtualaz.org saytı xəbər verir ki, bu barədə Londonda mənzillənmiş insan haqları üzrə Suriya müşahidə qrupu - “Syrian Observatory for Human Rights” məlumat yayıb.
Məlumata əsasən Rusiyaya, yaxud beynəlxalq koalisiyaya məxsus olduğu ehtimal edilən bombardmançılar oktyabrın 15-də Deyr əz-Zor əyalətinin əl-Mayadin qəsəbəsindəki hədəflərə zərbələr endiriblər.
Bu zərbələr nəticəsində Azərbaycandan olan 2 qadın və 6 uşaq həlak olub. Qadınların ərlərinin İŞİD sıralarında döyüşdüyü bildirilir.
Azərbaycandan olan ailələrin əl-Mayadin qəsəbəsinin mərkəzində yerləşən binalardan birinə endirilən zərbə nəticəsində öldürüldüyü məlum olub.
Həmin qəsəbə İŞİD-in nəzarəti altındadır. Lakin aviazərbələri ABŞ-ın başçılıq etdiyi koalisiyanın, yoxsa Rusiya aviasiyasının endirdiyi məlum deyil.
Məlum olduğu kimi, Azərbaycandan İŞİD-ə qoşulmaq üçün Suriyaya gedənlərin bir çoxu öz ailələrini, o cümlədən azyaşlı uşaqlarını da özləri ilə aparırlar.