|
“Azadlıq 2015” seçki blokunun 38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyi irəli sürülən KXCP sədrinin müşaviri Akif Hüseynova yerli hakimiyyət oraqanları tərəfindən təzyiq olunur.
Bu barədə Teleqraf.az-a məlumat verən Akif Hüseynov bildirib ki, ona imza verən seçicilər icra hakimiyyətinin işçiləri tərəfindən təhdid olunurlar: “38 saylı Nizami ikinci (Gəncə) seçki dairəsindən namizədliyimi təsdiq etmək üçün topladığım imza vərəqələrini DSK-da qəbul etməmək üçün bəhanə edirdilər. Dairənin sədri imza vərəqəmi qəbul etmək istəmirdi. Böyük çətinliklə imza vərəqəmi bunlara verə bildim. İndi başlayıblar ev-ev düşüb mənə imza verən seçicilərə təzyiq etməyə. Mənə imza verən seçiciləri işsiz qoyacaqları və övladlarını da məktəbdən qovacaqları ilə hədələyirlər. Bütün bu qanunsuzluqların başında Gəncə şəhər icra hakimiyyətinin başçısının I müavini Naqif Həmzəyev dayanır. Naqif Həmzəyev özü mənim də namizəd olduğum dairədə YAP-ın namizədi və YAP-ın Gəncə şəhər şöbəsinin sədridir.”
Bu barədə dövlət başçısına və MSK-ya şikayət etdiyini bildirən Akif Hüseynov özünün qohumlarına da təzyiq edildiyini deyərək, yeznəsinin də işdən çıxarıldığını bildirib.