|
2015-ci il sentyabrın 30-da saat 10:30-da Azərbaycan Hərb Tarixi Muzeyində görkəmli kəşfiyyatçı Rixard Zorgenin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir.
Teleqraf.az-ın məlumatına görə, tədbiri giriş sözü ilə muzeyin rəisi ehtiyatda olan polkovnik Əzizağa Qəni-zadə açaraq qonaqları salamladı və məhşur kəşviyyatçı Rixard Zorgenin həyat və fəaliyyətində, keçdiyi şərəfli döyüş yolundan danışdı.
Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci Dünya Müharibəsi zamanı Almanıyada, Çində, Yaponiyada və Avropanın bir sıra ölkələrində Ramzay kod adı altında böyük agentura şəbəkəsinə nəzarət etmiş Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrini Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.
Canını xalqımızın qələbəsi naminə qurban vermiş dəyanətli və mərd kəşfiyyatçı faciəli ölümündən 20 il sonra - 1964-cü il noyabrın 5-də SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür.
Tədbirdə Müdafiə Nazirliyinin, Heydər Əliyev Mərkəzinin, Ali hərbi məktəblərin, Veteran Şuralarının, Rusiya İnformasiya və Mədəniyyət Mərkəzinin, şəhər muzeylərinin və digər idarə - müəssisələrin nümayəndələri iştirak etmişdir.
Tədbirdə Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, e.o. polkovnik Əzizağa Qəni-zadənin, Hərb tarix şöbəsinin rəisi Gülşən Hüseynovanın və digər tədbir iştirakçılarının çıxışları dinlənilmiş, Rixard Zorge adına 90 saylı tam orta məktəbin şagirdlərinin iştirakı ilə kompozisiya nümayiş etdirilmişdir. Tədbirin bədii hissəsində təşkilatçı Səadət Akifqızının rəhbərliyi altında hərbi vətənpərvərlik mövzusunda mahnılar ifa olundu.