|
Sentyabrın 5-də Azərbaycan Alimlər Birliyinin (AAB) Təşəbbüs Qrupunun növbəti toplantısı keçirilib.
Bu barədə Ortaqdeyerler.com-a məlumat verən AMEA Fəlsəfə və Hüququ İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərov bildirib ki, toplantıda AMEA-nın Tarix, Fəlsəfə və Hüquq, Şərqşünaslıq, Arxeologiya və etnoqrafiya və başqa institutlarında çalışan əməkdaşlarından ibarət Təşkilat Komitəsi yaradılıb. Hələlik, 14 nəfərdən ibarət olan Təşkilat Komitəsinin üzvləri Yadigar Türkelli, Dilavər Əzimli, Pirağa İsmayılzadə, Əzizağa Ələkbərov, Paşa Həsənli, Yasəmən Qaraqoyunlu, Faiq Ələkbərov, Mirzə Ənsərli, Xeyribəy Qasımov, Alı Balayev, Qədim Qubadov, Tofiq Həsənov və başqalarıdır. Öz imzalarıyla AAB-nin qurulmasını rəsmiləşdirən Təkilat Komitəsinin üzvləri çıxışlarında belə bir qurumun yaranmasının zəruriliyindən bəhs ediblər.
F.Ələkbərov bildirib ki, ən azı bir neçə ildə aparılan müzakirələrin sonucunda qurulan AAB-nin əsas məqsəd və vəzifələri ilk növbədə, Azərbaycan alimlərinin və elmi ictimaiyyətinin sosial, mədəni, siyasi hüquqlarını müdafiə etməkdən, elmi araşdırmalarını, elmi kəşflərini Azərbaycanda və dünyada təbliğindən, Azərbaycan gənclərini elmi fəaliyyətə, elmi araşdırmalara təşviq etməkdən ibarətdir. Eyni zamanda Birlik müxtəlif elm sahəsində çalışan alimlərin elmi əsrlərinin və kəşflərinin ictimai müzakirələrini, əlaqələndirilməsini, təbliğini həyata keçirəcək.
”Ən əsası AAB Azərbaycan elm və təhsilinin keyfiyyətinin yüksəlməsi üçün əlindən gələni edəcək. Bununla yanaşı, Azərbaycan alimlərinin ictimai və sosial hüquqlarının qorunması üçün də mücadilə verəcək”.
Toplantıda yaxın günlərdə Azərbaycan Alimlər Birliyinin təsis konfransının keçirilməsi barədə qərar qəbul edilib.