|
23 illik Dövlət mustəqəlliyimizin son 22 ilini zəbt edən Əliyevlər rejimi azad və ədalətli seçkiləri aradan qaldıraraq hüquqi dövlətin yaranmasının zəruri başlanğıcına-xalq tərəfindən hakimiyyətin formalaşmasına imkan verməyib.
Bu rejimin mövcud olduğu dörlərdə seçkilər bütün mərhələlər üzrə kobud qanun pozuntuları şəraitində, qeyri demokratik mühitdə keçirilir. Seçki qanunvericiliyi yarıtmaz, seçki əraziləri qanuna zidd, seçki komissiyaları bir qrupun nəzarətində, seçici siyahıları gercəklikdən uzaq, qeyri-demokratik seçkiqabağı mühit, total saxtakarlıqla müşahidə edilən seçki günü Seçki Məntəqələrində seçki nəticələrinin protokollaşdırılmaması, şikayətlərin obyektiv araşdırılmaması, bütövlükdə icra hakimiyyətlərinin maraqları çərçivəsində və nəzarətində keçirən “seçki komediyası” son iyirmi iki ilin acı gerçəkliyidir.
Hakimiyyətin qanuni, demokratik yolla formalaşması və dəyişdirilməsinin yeganə mexanizmi olan seçkilərin tam saxtalaşdırılması ilə ölkə sülalə hakimiyyətinin iradəsinə tabe etdirilib. Bu həm də, iqtidarın mövcudluğu dövründə azad, şəffaf və ədalətli seçkilərin keçirilməsinə cəmiyyətin inamını tamamilə sarsıdıb. Hakimiyyət seçki saxtakarlıqlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edir: təkcə siyasi rəqiblərini deyil, nəzarətində omayan qeyri-hökümət təşkilatlarını, azad medianı- bütövlükdə Vətəndaş Cəmiyyətini məhv etməyi, seçkiləri müşahidə edəcək beynəlxalq təşkilatların- demokratik dünyanın ölkədəki ofislərini bağlayaraq cəmiyyətdə azad rəqabət mühitini dağıtmaqla avtoritar əhval-ruhiyyənin formalaşmasını fəaliyyətinin ana xəttinə çevirib.
Haqlı olaraq beynəlxalq təşkilatların, bütövlükdə mütərəqqi dünyanın tənqid hədəfinə çevrilən Azərbaycanın dövlət imicinə ciddi zərər dəymişdir.
KXCP hesab edir ki, ölkənin başlıca problemlərin həlli, hətta torpaqlarımızın işğaldan azad edilməsi yalnız azad, şəffaf və ədalətli seçkilərdən aslıdır, Azərbaycan Xalqının seçmədiyi hakimiyyət heç zaman dövlətmizin başlıca problemlərini həll edə bilməz və uzun illər davam edən total seçki saxtakarlığı milli dövlətçiliyimiz üçün çox ciddi təhlükə mənbəyidir.
KXCP milli dövlətçiliyimiz üçün təhlükə halını almış seçki saxtakarlıqlarına son qoymaq üçün:
hakimiyyət orqanlarından: kütləvi seçki saxtakarlıqlarına son qoyaraq azad, şəffaf və ədalətli seçki keçirilməsi üçün islahatlar aparılmasını tələb edir;
siyasi partiyaları, vətəndaş cəmiyyətini, ziyalıları, gəncləri, qadınları, cəmiyyətin bütün təbəqələrini seçkilərdə yüksək fəallıq göstərməyə, baş verəcək saxtakarlıqların qarşısını almaq üçün fədakarlıq göstərməyə çağırır;
beynəlxalq təşkilatları, demokratik dünyanı nəhayət Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçün mümkün olan vasitələrdən istifadə etməyə çağırır.