|
Xəbər verildiyi kimi Göyçayda həbs olunan hüquq müdafiəçisi Taleh Xasməmmədovun sonuncu məhkəməsində qalmaqal baş verib. Məhkəmənin qəbul etdiyi ədalətsiz qərara etiraz edən hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova polis zorakalığına və təhqirlərə məruz qalıb. Üzləşdiyi ədalətsizlik və zorakalıqla bağlı hüquq müdafiəçisinin anası daxili işlər naziri Ramil Usubov və baş prokuror Zakir Qaralova müraciət edərək ona qarşı qanunsuzluğa yol vermiş Göyçay rayon polis şöbəsinin əməkdaşlarının adlarını açıqlayıb, onların cəzalandırılmasını istəyib.
Əldə etdiyimiz məlumata görə edilən şikayətə adekvat reaksiya verən polis əməkdaşları zərərçəkəni qabaqlamaq və törətdikləri qanunsuz hərəkətləri ört- basdır etmək üçün Gülbuta Xasməmmədovaya qarşı cinayət işi qaldırmaq üçün tədqiqata başlayıblar. Polis əməkdaşlarına qarşı “zor tətbiq etdiyi” əsas gətirilərək bir neçə gün öncə Göyçay RPŞ əməkdaşları tərəfindən Gülbuta Xasməmmədovun izahatı alınıb. Dünən isə o yenidən rayon polis şöbəsinə çağrılıb. Övladı haqqında polislərin yalançı şahidlik etməsi və şikayətçi olmasına etiraz etdiyinə görə polis zorakalığına məruz qaldığını, haqsız yerə təzyiqlərlə üzləşdiyinə əsas gətirən Gülbuta Xasməmmədova polis şöbəsinə getməkdən imtina edib. Bildirib ki, bunun üçün ona rəsmi dəvət bildirişi göndərilsin.
Xatırladaq ki, Göyçay rayon məhkəməsinin 22 iyul 2015- ci il tarixli qərarı ilə hüquq müdafiəçisi Taleh Xasməmmədov 3 il müddətinə azadlıqdan məhrum edilib. Qərara əsasən o cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Həmin gün məhkəmə zalında baş verənlərlə bağlı mətbuata verdiyi açıqlamada hüquq müdafiəçisinin anası Gülbuta Xasməmmədova bildirib ki, Göyçay Rayon Polis şöbəsinin rəis müavini, Talehdən şikayətçi olan Faiq İlyasovun göstərişi ilə serjant Vahid Həşimov üzərimə hücum çəkərək məni, bir anaya yaraşmayan ağır küçə söyüşlərlə dayanmadan təhqir etdi; “Hətta mənə əl qaldırıb məni vurdu, başqa polislər isə mənim qolumdan tutmuşdular. Elə bu zaman polis kapitanı İslam İslamov hardansa peyda olaraq mənim üzərimə şığıdı və qolumdan tutaraq məni zorla məhkəmə salonundan çölə atmaq istəyirdi, mən çölə çıxmaq istəməyərək “anayam” deyərək etiraz etdim. O, isə bu vaxt mənə qarşı zorakalıq edərək məni küçə söyüşləri ilə təhqi etdi, əlimi sıxaraq dırnağı ilə barmağımı zədələdi və barmağım qanadı. Bütün bunları gözü ilə görən rəis müavini Faiq İlyasov polis işçilərinin qanunsuz hərəkətlərini dayandırmaq əvəzinə “Xasməmmədovlardan bir raport hazırlayın hamısını basın içəri” deyə onlara əmr etdi”.
Taleh Xasməmmədov bu ilin fevral ayının 24- də Göyçayda həbs olunub. Cinayət Məcəlləsinin 221. 2- ci maddəsi ilə ittiham olunur. Yerli ictimai fəallar və bir sıra hüquq müdafiə təşkilatları Taleh Xasməmmədovun həbsini Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin sifarişi ilə həyat keçirildiyini bildirirlər. Hüquq müdafiəçisinin son məhkəməsində rayon polis şöbəsinin rəis müavini Faiq İlyasovun rəhərliyi ilə polis əməkdaşlarının fəallıq etməsi, Taleh Xasməmmədovun üzünə durub ondan şikayətçi olmaları və sonda məhbusun ailə üzvlərinə qarşı fiziki zorakalıq edib onları hədələməsi bu sifarişin əsaslı olmasına dair ehtimalı artırır.
Siyasi Məhbusların işi ilə bağlı yaradılmış İşçi Qrup Taleh Xasməmmədovu siyasi məhbus elan edib.
Teleqraf.az