|
Nəqliyyat Nazirliyinə tabe olan “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib müəmmalı şəkildə intihar edib. Olay Şirvan şəhəri, Natəvan küçəsi 61 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan 1968-ci il təvəllüdlü Rəmzi Elxan oğlu Kərimovun meyiti həyətindəki üzüm çardağından asılmış vəziyyətdə aşkarlanıb.
Baş mühasibin meyitini ilgəkdən ayıran Şirvan hüquq-mühafizə orqanlarının əməkdaşları ilkin olaraq belə qənaətə gəliblər ki, R.Kərimov intihar edib. Onun meyiti Şirvan Rayon Məhkəmə Tibb Ekspertizasına aparılıb. İlkin müayinə zamanı mərhumun bədəni üzərində gözlə görünən xəsarətlər aşkar olunmayıb. Hadisə yerini müayinə edən istintaqçılar R.Kərimovun öldürülməsinə dəlalət edən hər hansı bir əşya, dəlil aşkar etməyiblər. Bununla belə, baş mühasibin istintaq sonuclanmayana qədər öldürülmədiyini də iddia etmək düzgün deyil. R.Kərimov intihar edənlərin böyük əksəriyyətinin masa arxasına keçib məktub yazmaq kimi son addımını təkrar etməyib. Yazmayıb ki, mənim ölümümdə kimsə günahkar deyil, özümə qəsdimin səbəbi xəstəliyimdir və ya hansısa problemimdir. Məlumdur ki, mühasiblər başqalarının pulunu idarə etməkdə məsuliyyət daşıyırlar, buna görə çox təzyiq və stress altında olurlar.
Pulun çox asan qazanılıb itirildiyi bu sektorda iqtisadi böhran yaşandığında intiharlar artır. Pulların silinməsinə məcburetmə də mühasiblərin intiharına aparan yollardandır.
Üstəlik, R.Kərimov Nəqliyyat Nazirliyi kimi korrupsiyalaşmış bir təşkilata tabe qurumlardan birində çalışıb. Bu baxımdan istintaqın baş mühasibin boynuna ilgək keçirməsinin peşə fəaliyyəti ilə əlaqəsini yoxlaması da zəruridir.
Hazırda R.Kərimovun intihar faktına görə Şirvan Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci(özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb./Musavat.com/