|
Qarabağ Azadlıq Təşkilatı İdarə heyətinin iclasında hazırkı vəziyyət, bir sıra digər məsələlər, xüsusi olaraq isə Birinci Avropa Oyunlarının yekunları müzakirə olunub.
Avropa Oyunlarının yekunlarına dair çıxışlarda, müzakirələrdə və qərarda bu beynəlxalq tədbirin əhəmiyyəti, yüksək təşkilatçılıq, Azərbaycanın təbliği, idmançılarımızın nailiyyətləri müsbət qiymətləndirilib, böyük hadisə kimi dəyərləndirilib. Eyni zamanda ermənilərin bu tədbirə dəvət olunması, onların iştirakı ilə bağlı keçirilən etiraz aksiyalarının qarşısının qəddarlıqla alınması, QAT üzvlərinə zor tətbiq olunması pislənilib. Ermənilərin bu tədbirə dəvət olunmasının çox yanlış addım olduğu qeyd olunub. Onsuz da beynəlxalq təşkilatlar və ermənilər Azərbaycanın bu jestini dəyərləndirmək səviyyəsində deyildirlər. Onlar Azərbaycanın bu hərəkətini zəiflik və təslimçilik əlaməti kimi qəbul edirlər. Bir sıra beynəlxalq və regional təşkilatların, bəzi Avropa dövlət başçılarının, həmçinin ermənilərin, işğalçı Ermənistanın rəhbərinin Oyunlar zamanı və sonra verdikləri bəyanatlar dediklərimizi təsdiq edir. Biz hesab edirik ki, Azərbaycan hakimiyyəti və cəmiyyəti bu məsələdə səhvə yol verdi və bu səhv bir daha təkrar olunmamalıdır. Biz düşmənə qarşı prinsipial mövqeyimizdən geri çəkilməməliyik. Düşmən həmişə düşməndir, onlara bizim ölkəmizdə yer yoxdur, rədd olub getməlidirlər. Bu Oyunlar cəmiyyətin birliyini nümayiş etdirdi. Məhz bu birliyə söykənərək cəmiyyətimizi müharibəyə hazırlamalı, hər kəs bu yöndə öz vəzifəsini yerinə yetirməlidir.
Biz hesab edirik ki, Azərbaycan bu Oyunlarla həm də dünyaya öz bacarığını, gücünü nümayiş etdirdi. Azərbaycan güclü və qüdrətli bir dövlətdir. Ona görə də hakimiyyət ləngimədən hərbi əməliyyatlara, müharibəyə başlamalı, torpaqlarımızı işğaldan azad etməlidir. Bu, bütün vicdanlı azərbaycanlıların tələbidir! Bizim başqa tələbimiz yoxdur, heç bir sosial-iqtisadi, siyası tələbə yer yoxdur! Yalnız bir tələbimiz var: Müharibə!
Ya Qarabağ, ya ölüm!