|
“Öz həyatım, ailəmin, xüsusən qardaşımın həyatı üçün qorxurdum”
Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutu(RATİ) sədri Emin Hüseynov CNN kanalına müsahibə verib. Musavat.com xəbər verir ki, 10 ay İsveçrənin Azərbaycandakı səfirliyində saxlanan və daha sonra iki ölkə arasındakı anlaşma nəticəsində, İsveçrə xarici işlər nazirinin müşayiəti ilə Azərbaycanı tərk edən E.Hüseynov CNN-in jurnalisti Kristian Amanpura verdiyi 8 dəqiqəlik müsahibəsində öz durumundan, yaşadıqlarından danışıb.
RATİ sədri bildirib ki, özünün, ailəsinin, xüsusən də qardaşı Mehman Hüseynovun həyatı üçün çox qorxurdu. Müsahibəsində başına gələnlərdən danışan E.Hüseynov təzyiqlər barədə də məlumat verib. O bildirib ki, yoxlama başlayanda İsveçrənin Azərbaycandakı səfirliyindən humanitar əsaslarla sığınacaq istəyib. “Siz bilirsiz ki, İsveçrənin öz ənənələri var. Bilirdim ki, məni köməksiz qoymayacaqlar” deyən E.Hüseynov həmçinin ölkədə azad sözə olan basqılardan da söz açıb.
Müsahibə zamanı diqqət çəkən isə E.Hüseynovun xarici görünüşü, daha dəqiq desək, sınıxmış, xəstəhal vəziyyəti idi. 10 ay boyunca səfirliyin binasında havasız şəraitdə qalması RATİ sədrinin səhhətinə təsirsiz ötüşməmişdi.
Musavat.com