|
“İran Yəmənə humanitar yardım daşıyan gəmiyə hücum edən istənilən dövlətə qarşı hərbi əməliyyatlara başlayacaq”.
Teleqraf.az avropa.info saytına istinadən xəbər verir ki, bu açıqlama ilə İran ordusu baş qərargahının briqada generalı Məsud Cəzaeri çıxış edib.
İran gəmisi “İran şahid” 2,5 min ton humanitar yüklə Hodeyda limanına tərəf üzməyə başlayıb. Gəminin göyərtəsində müxtəlif ölkələrdən həkimlər və mülki mütəxəssislər var. Bazarertəsi Şahid Recan limanını tərk edən gəmi 5 günlük atəşkəs müddətində Yəmənə gəlməlidir.
İranın müharibə hədəsi yağdırmasına səbəb isə Səudiyyə Ərəbistanın gəmini yoxlamaq barədə açıqlaması olub. Bundan sonra humanitar yük aparan gəmini hərbi donanma ilə müşayiət etmək qərarı verilib.
“Qırmızı aypara bayrağı altında üzən İran gəmisinə edilən hər hansı hücum regionda müharibəyə səbəb olacaq. Alovlanan atəşi isə heç cürə söndürmək mümkün olmayacaq” – Cəzaeri “Əl-Ələm” telekanalına belə deyib.
Öz növbəsində, ərəb koalisiyasınnı briqada generalı Əhməd Əsiri bəyan edib ki, BMT-nin rəsmi icazəsi olmadan İran gəmisini Yəmənə buraxmayacaqlar.