|
Ölkənin media bazarında xüsusi çəkisi olan "Gündəm xəbər" qəzeti nəşrini maliyyə çətinliyi ucbatından həftədə bir dəfəyə keçirdib.
Bununla bağlı açıqlama verən qəzetin təsisçisi Şirin Cəfəri qəzetin həftəliyə keçməsinin səbəbini sırf maliyyə problemləri ilə bağlı olduğunu söyləyib: "Uzun müddətdir ki, təsisçisi olduğum "Gündəm xəbər" qəzeti olduqca çətin şərtlər altında fəaliyyət göstərirdi. Son zamanlar isə maddi durumumuz katastrofik dərəcədə pisləşib. Mətbəyə və yaradıcı kollektivə olan borcları ödəməkdə çətinlik çəkirik. Həftədə bir dəfəyə keçməyimizin səbəbi sırf maliyyə çatışmazlığı ilə bağlıdır".
Şirin Cəfəri vəziyyətdən çıxmaq üçün yollar aradıqlarını, amma ümidverici nəyinsə olmadığını da əlavə etdi: "İllərdir ki, dişimiz-dırnağımızla ərsəyə gətirdiyimiz qəzet dayanmasın. Amma edə biləcəyimiz çox az şeylər var. Odur ki, qəzetin tam olaraq dayanması da istisna edilmir. Düşdüyümüz durumu nəzərə alaraq, özünü "Gündəm xəbər"in dostu hesab edən hər kəsə müraciət edərək, qəzetimizə maliyyə dəstəyi göstərmələrini istəyirəm". Şirin Cəfəri onu da bildirdi ki, bundan sonra qəzet müvəqqəti olaraq hər həftənin beşinci günləri satışda olacaq.